Diaspor Gənclərinin I Yay Düşərgəsinin açılışı olub (FOTO)


Digərləri 25 Avq 2018 01:13:00 241 0

Diaspor Gənclərinin I Yay Düşərgəsinin açılışı olub (FOTO)

“Diaspor Gənclərinin I Yay Düşərgəsi”nın rəsmi açılış mərasimi olub

Bakı. Tural Turan - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Diaspor Gənclərinin I Yay Düşərgəsi”nın rəsmi açılış mərasimi Şəkidə baş tutub. Trend-in məlumatına görə, düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edir. Açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlayıb. Mərasimdə rəsmi şəxslər, millət vəkilləri və ictimai təşkilatların təmsilçiləri çıxış edib. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Yusubov qonaqları salamlayaraq Şəki şəhəri haqqında məlumat verib, şəhərdə yerləşən tarixi abidələrin əhəmiyyətindən söz açıb. O, rayonda aparılan quruculuq işlərindən danışıb, dövlət başçısı İlham Əliyevin rayonun inkişafı üçün xüsusi diqqət və qayğı göstərdiyini söyləyib, Şəki şəhərinin turizm imkanlarından danışıb. O, düşərgənin Şəki şəhərində keçirilməsindən məmnun olduğunu ifadə edib, bu cür irimiqyaslı tədbirlərin diaspor hərəkatının inkişafına ciddi təsir etdiyini qeyd edib. Azərbaycan Respubklikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkə rəhbərinin gənclər siyasətindən danışıb, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” sözlərinin bu gün reallaşdığını vurğulayıb. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət, onların inkişafı üçün yaradılan şərait barədə danışıb. Komitə sədri Heydər Əliyev Fondunun, xüsusilə ölkənin Birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanın dünyaya tanıdılmasında əvəzsiz rol oynadığını bildirib. Gənclər və İdman Naziri Azad Rəhimov Yay Düşərgənin xüsusi əhəmiyyətini qeyd edib, Azərbaycan Xalq Cümhuriyyətini anaraq xatırladıb ki, Azərbaycanın ilk diaspor nümayəndələri məhz Cümhuriyyət dövrünün xadimləri olub. Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əlyevin diaspor quruculuğu və inkişafı sahəsindəki xidmətlərindən danışıb. Azad Rəhimov ölkəmizdə gənclərlə bağlı keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edib. Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov xaricdə yaşayan azərbaycanlı gənclərin ölkəmizdə bir araya toplanmasını alqışladığını deyib, Azərbaycanın artıq dünya dövlətləri içərisində xüsusi yeri olduğunu vurğulayıb, diasporumuzun müasir gənclərlə daha da güclənəcəyinə inandığını bildirib.