25 nəfərin öldüyü yanğını törətməkdə günahlandırılan şəxs: "Allaha and olsun ki..."


Kriminal 24 Avq 2018 19:20:00 265 0

25 nəfərin öldüyü yanğını törətməkdə günahlandırılan şəxs: "Allaha and olsun ki..."

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə başlayıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi başlayıb.

Hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Yanğın zamanı həlak olan diş həkimi Azər Sədrəddinovun qardaşı, hüquq müdafiəçisi Murad Sadəddinov ittiham aktının surətini almadığını bildirib.

T.Məmmədhəsənovun vəkili Vasif İsrafilov vəsatət verərək bildirib ki, müvəkkilinin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət işinə xitam verilməlidir.

M.Abdullayevin vəkili Ceyhun Yusifov da müvəkkili barəsində eyni vəsatət verib: "Bu hadisə qəsdən törədilib, müvəkillim də qurban seçilib. O, 160 manat maaş alan sıravı işçi olub, heç bir səlahiyyəti olmayıb".

Prokuror Nəsir Bayramov isə sübutların araşdırılmadığını bildirərək deyib ki, T.Məmmədhəsənov və M.Abdullayevoin təqsirli olub-olmadığına qərar vermək olmaz: "Buna görə də vəsatətlər təmin edilməməlidir".

Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyiblər.

Müşavirədən sonra məhkəmə vəsatətləri təmin etməyib.

Təqsirləndirilən Məhəmməd Məmmədov ona qarşı irəli sürülən ittihamı rədd edib: "Allaha and olsun ki, mənim bu işdən xəbərim yoxdur. Bunlar hamısı mənə qarşı olan şər-böhtandır".

Zərərçəkmişlər yerdən replika deyərək Dispanser rəhbərliyindən şikayətləniblər: "Hər dəfə 800 manat pul verirdik. Oranın rəhbəri öz evini təmirsiz saxlamaz, amma yararsız yerə o qədər adamı yığmışdılar".

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 28-də davam etdiriləcək.