Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri:


Dünya 24 Avq 2018 18:44:00 219 0

Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri:

Rəsmi İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, ekspertlər bununla bağlı apardıqları analizlərində maraqlı tezislər irəli sürürlər. Onların hər biri üçün xarakterik olan cəhət Cənubi Qafqazın müstəqilliyi sırf simvolik xarakter daşıyan, faktiki olaraq kənardan idarə olunan bu forpost ölkəsində siyasi ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. Əsl səbəbkar kimi Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması göstərilir. Məsələn, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi opponentlərə qarşı qərəzli davranmama, Rusiya ilə əlaqələrə zərər verməmə və s. kimi sözlərə əməl edilmir. Əvəzində, Ermənistanın siyasi səhnəsində yerliçilik meylləri daha da güclənir. Klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə adamları həbsə atırlar. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması və xarici siyasətdə fiaskoların artması ilə müşayiət olunur. Bu cür gedişat Ermənistanın siyasi mühitini hansı istiqamətlərə apara bilər? Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Parçalanma: "inqilab"dan sonrakı uçurum

Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranı daha da dərinləşdirdiyini artıq ekspertlər açıq etiraf edirlər. Öncə "erməni məxməri inqilabı" ifadəsini işlədənlər indi baş verən hadisələrin əsl mahiyyəti barədə baş sındırırlar. Onlar daha çox erməni siyasi mühitində meydana çıxan parçalanmanın məzmununu müəyyənləşdirməyə çalışırlar. Bir qayda olaraq belə nəticə alınır ki, Ermənistanda yeni siyasi mərhələ başlayıb. Onun başlıca xüsusiyyəti ziddiyyətlərin kəskinləşməyə doğru getməsi və bunun fonunda elektoratın monolitliyinin birdəfəlik pozulmasından ibarətdir. Hazırda Ermənistan üçün elə bir məsələ yoxdur ki, cəmiyyət yekdil fikirdə olsun. Bir problemdən başqa - Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İrəvanın fəaliyyəti yarıtmazdır.

Münaqişənin həllinə yanaşmada da fərqlər getdikcə özünü daha çox göstərir. Bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxırlar. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Ancaq Ermənistanın dövlət olaraq tənəzzülə uğraması və sonu görünməyən hakimiyyət uğrunda mübarizə isteriyası tamamilə fərqli psixoloji şərait yarada bilər. İndi siyasi səhnədə müşahidə edilən proseslərin analizi bu qənaətin doğruluğuna dəlalət edir.

Ekspertlər hesab edirlər ki, "cəmiyyət üçün gizli təhlükələr yüksək səviyyədədir" və "siyasi böhranın bərpa edilməsi çoxlu sayda faktorlara görə baş verə bilər" (bax: Дмитрий Офицеров-Бельский. Внутриполитические волнения в Армении: что дальше? / РСМД, 21 avqust 2018). Həmin faktorlar sırasında aşağıdakılar vurğulanır:

Birincisi, növbədənkənar seçkilərə hazırlıq siyasi mübahisələr olmadan keçməyəcək ki, bu da seçkinin nəticələri elan olunduqdan sonra münaqişəyə çevrilmə şansına malikdir.

İkincisi, katolikos II Qareginin şəxsiyyəti ilə bağlı yaranmış münaqişəli situasiya təhlükə yaradır. Keşişin istefasını "Yeni Ermənistan - yeni patriarx" hərəkatının nümayəndələri tələb edirlər.

Üçüncüsü, hakimiyyətdə olan koalisiya çox dayanıqsızdır. Haqik Sarukyanın əldə olunan razılığa yenidən baxmağa hazırlaşması praktiki olaraq şübhə doğurmur.

Dördüncüsü, Ermənistanda situasiyanı sabitlikdən çıxaran məsələ Dağlıq Qarabağda hərbi vəziyyətin kəskinləşməsi ola bilər (bax: əvvəlki mənbəyə).

Bu cür daxili ziddiyyətlərin fonunda ölkədə siyasi güclərin palitrası və onlar arasındakı münasibətlərin məzmunu gərginliyin artması ehtimalını xeyli yüksəldir Maraqlıdır ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə sürətlə erməni siyasi mühiti həm parçalandı, həm də ziddiyyətlərin sayı artdı. Bu ona dəlalət edir ki, cəmiyyətdə uzun müddət siyasi ziddiyyətlər mövcud olub və onları yalnız süni yolla ört-basdır etməyə çalışıblar. Əslində isə erməni cəmiyyəti fərqli siyasi düşərgələrə bölünüb.