Uşaq istismarına etiraz edənlər "pantürkist" adlandırılır


Dünya 24 Avq 2018 16:16:00 280 0

Uşaq istismarına etiraz edənlər "pantürkist" adlandırılır

İranın dövlət agentliyi bu günlərdə üç yaşında bir qız uşağının atası tərəfindən işgəncə edilməsini göstərən görüntürlərin ortaya çıxması ardından sosial media və saytlarda uşaq istismarına qarşı kampaniyaları "pantürkistlərin" propaqandası adlandırıb.

Keçən günlərdə internet səhifələrində yayımlanan fotoşəkil və videolarda Şərqi Azərbaycanın Mərənd şəhərində bir qız uşağının atası tərəfindən işgəncə edildiyi görünür.

Bölgədə fəaliyyət göstərən türk fəallar işgəncə görüntürlərinin geniş şəkildə yayılmasında əsas rol oynayıblar.

İSNA xəbər agentliyinin bildirdiyinə görə, fotoşəkillər və videoların yayılmasından sonra polis qüvvələri uşağın işgəncəyə məruz qaldığı evi tapıb və onu dövlət qurumlarına yerləşdirib. Amma uşağın "narkoman atası" qaçaq vəziyyətdədir.

Araşdırmalarda məlum olub ki, zalım ata övladını incidərkən çəkdiyi görüntüləri sabiq həyat yoldaşına, yəni uşağın anasına göndərirmiş. O, tələblərini sabiq həyat yoldaşına qəbul etdirmək üçün göndərdiyi mesajlarda uşağı daha artiq incidəcəyini önə çəkirmiş.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu arada, İranın rəsmi dövlət agentliyi İRNA işgəncə görüntülərinin yayılması və uşaq istismarına qarşı sosial media paylaşımlarını "pantürkistlərin" propaqandası olaraq dəyərləndirir.