600609 bal toplayan 5 abituriyent ali məktəbə qəbul ola bilməyib


Digərləri 24 Avq 2018 11:44:00 229 0

600609 bal toplayan 5 abituriyent ali məktəbə qəbul ola bilməyib

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında məlumatları açıqlayıb.

Son.az bildirir ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olublar. İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13 169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi.

II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi.

III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi.