Qayaların arasında raftinq, 700 metrlik asma körpü həyəcanı


Digərləri 24 Avq 2018 10:40:00 468 0

Qayaların arasında raftinq, 700 metrlik asma körpü həyəcanı

Kanyon səyahətinin bahalı olduğu düşünülsə də, əslində 1 nəfərə 150-200 manat bəs edir

Gürcüstana səfər edənlərin əksəriyyəti ya Tiflisə gedir, ya da Batumiyə. Amma, Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında iki möhtəşəm görünüşlü, insana hüzur verən Martvili və Okatse kanyonları var ki, çoxları bundan xəbərsizdir. Kanyon səyahətinin bahalı olduğu düşünülsə də, əslində 1 nəfərə 150-200 manat bəs edir.

Bakı-Tiflis-Kutaisi yolu, qiymətlər

Kanyonlara getmək üçün Bakı-Tiflis avtobusu ilə Gürcüstana doğru yola çıxdıq. Bakıdan Kutaisiyə birbaşa reys olmadığından əvvəlcə Tiflisə, oradan da qatarla Kutaisiyə yollandıq. Bakıdan Gürcüstana gedən avtobuslar hər gün axşam saat 9, 10 və 12-də Bakı Beynəlxalq avtovağzalından çıxır, sərhəddə sıxlıq olmasa təxminən səhər saat 7-də, 8-in yarısında Tiflisin Ortaçala avtovağzalında olur. Biletin qiyməti dəyişməyib, 12 manatdır.

Kürdəmir, Gəncə, Tovuz və Qazaxda bir neçə dəqiqəlik fasilələrlə dayanan avtobus səhər saat 5-də Sınıqkörpü (Qırmızıkörpü) adlanan sərhəd keçid məntəqəsinə çatdı. Sərhəddə hər zamankı kimi sıxlıq var idi. Azərbaycanın gömrüyündən tez keçə bilsək də, Gürcüstanın gömrüyündə pasport kontrol masasında cəmi 1 işçi olduğuna görə yarım saatdan çox vaxt itirdik.

Kutaisi

1 saat sonra Tiflisin Ortaçala adlanan beynəlxalq avtovağzalına çatdıq. Buradan birbaşa Kutaisi hava limanına gedən sprinterlər var idi ki, 10 lariyə Kutaisi avtovağzalının yaxınlığına qədər aparırdı. Lakin, qatarla səyahət daha maraqlı gəldiyi üçün avtobusla Tiflis mərkəzi dəmiryol vağzalına gəlib, 8 lariyə Kutaisiyə bilet alıb, 9-da yola çıxdıq.

Qatara bileti internet vasitəsi ilə almaq üçün sayt 

(Qeyd: bileti onlayn alarkən qiymət 2 lari baha olur)

5 saat yarımlıq yoldan sonra Kutaisi I dəmiryol stansiyasına çatdıq. Buradan 1 nömrəli avtobus Kutaisi avtovağzalına aparır. Kutaisinin yolları ensiz, səliqəlidir.

Kutaisidə otel qiymətləri yüksək deyil. Amma, pula qənaət üçün reytinqi yüksək olan hostelə üstünlük vermək olar. Çünki, hostellər həm ucuzdur, həm də yeməkxanası var ki, burada özünüzə yemək bişirə, çay dəmləyə, buterbrod, sendviç hazırlaya bilərsiniz.

Səfərə çıxmazdan əvvəl booking.com saytı vasitəsi ilə bron etdiyimiz hostel avtovağzalın yaxınlığında, Çavçavadze küçəsində idi. Küçə Qara Qarayev metro stansiyasının ətrafını xatırladırdı. Həmçinin, vağzalın yanında ticarət mərkəzləri, "exchange"lər, Geocell-in ofisi, kafe və restoranlar, otellər, hostellər, Mc Donalds da var. Geocell-in ofisindən pulsuz turist nörməsi almaq mümkündür. 5 lari ödəməklə 2 gb internet əldə edib, Gürcüstanda olduğunuz vaxt ərzində daima onlayn ola bilərsiniz.

Hostelin yeməkxanasında divarda Gürcüstan bayrağının altında yazılan "Russia occupied my country" (Rusiya ölkəmi işğal edib) yazısı diqqətimizi çəkdi.

Hosteldə divarda Azərbaycanın bayrağı da asılmışdı. Ölkələrin pul vahidləri yapışdırılmış lövhədə bizim bir manatlıq əskinas da var idi.

Kutasidə Botanika bağı, Baqrati kilsəsi, Gelati monastrı kimi gəzməli-görməli yerlər var. Gelati monastrında Gəncə qapıları saxlanılır. Qapı IV Davidin məzarının yanındadır.

Gürcüstanda gəzən zaman maps.me proqramı çox köməyinizə çatacaq. Çünki proqram internet olmayanda da işləyir və harada olduğunuzu göstərir. Telefonunuzun daimi enerji təminatı üçün özünüzlə yola çıxmazdan əvvəl "powerbank" götürməyi unutmayın.

Hər iki kanyona getmək üçün Kutaisi avtovağzalına gəlmək lazımdır. Avtovağzalın ön tərəfində Tbilisi, Batumi, arxasında isə Martvili mikroavtobusları dayanır. Mikroavtobuslarla 5 lariyə təxminən saatyarıma Martvili kanyonuna getmək olur. Həm Martvili, həm də Okatseyə gedən avtobuslar Khoni şəhər mərkəzindən keçir.

Kutaisidən Martviliyə gedərkən yolda Gürcüstanın parlament binasını da görmək mümkündür. Sakinlərdən binanın niyə burada tikildiyini soruşduqda, "tez-tez mitinq təşkil olunmasın deyə şəhərdən kənardadır", - deyə cavab verdilər.

Martvili kanyonu

Martvili kanyonuna yerli sakinlər Qaçedili kanyonu da deyirlər. 2000-ci illərin əvvəllərində kanyon tamamilə unudulmuş, baxımsız vəziyyətdə olub. 2016-cı ildə Gürcüstan höküməti əraziyə turist cəlb etmək üçün 500 min dollardan artıq xərc çəkdikdən sonra hazırda Gürcüstanda ən çox turist gələn ərazilərdən birinə çevrilib.

Kanyona giriş vaxtını (10:00 - 18:00) əvvəldən bilmədiyimiz üçün saat 9-da Martviliyə çatmışdıq. Vaxtın bitməsi üçün ətraf əraziləri gəzdikdə yaxınlıqdakı körpüdən martvili kanyonuna yuxarıdan baxmaq və yaxınlıqdakı gölün gözəl mənzərəsini seyr etmək şansımız oldu.

Kanyonun yaxınlığında restoran, meyvə-tərəvəz satılan yerlər, ərzaq mağazası var ki, qiymətləri yüksək deyil.

Kanyona giriş məntəqəsində xeyli adam var idi. Kanyona giriş turistlər üçün 15 lari, qayıqla üzmək isə 13 laridir. Əgər raftinq fikriniz yoxdursa, sadəcə 15 lariyə kanyonda gəzmək də olar. Qiymət yüksək olsa da, kanyonun möhtəşəmliyinə görə dəyər.

Qayıqla raftinq zamanı batmaq təhlükəsi sıfıra bərabərdir. Çünki su çox dayazdır və hər ehtimala qarşı xilasedici jilet verilir. Qayığa bələdçidən əlavə 4 nəfər yerləşir. Qayıqla qayalıqların arasından keçərkən gələn su səsi, yaxınlıqdakı şəlalədən qayalıqlara çırpılan su damcılarının sərinliyi insana hüzur verir, sakitləşdirir, bütün yorğunluğunu unutdurur. İnsan 15 dəqiqə davam edən raftinq vaxtının bitməməsini arzulayır. Suyun qəribə rəngi insanı valeh edir.

Təxminən yarım saat kanyonda gəzdikdən sonra Okatse-yə getmək üçün yola düşdük. Martvilidən Khoni şəhər avtovağzalına gedib avtobusla ya da Okatseyə qalxan yolun kəsişməsində düşüb, oradan taksi, avtobus, avtostopla digər kanyona getmək mümkündür.