Xüsusi Dövlət Mühafizə Xidməti istənilən vəzifənin öhdəsindən gəlməyə qadirdir


Digərləri 23 Avq 2018 15:04:00 1408 0

Xüsusi Dövlət Mühafizə Xidməti istənilən vəzifənin öhdəsindən gəlməyə qadirdir

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yaranmasının 25 ili tamam olur. Bu münasibətilə Xidmətin hərbi şəhərciyində yeni istifadəyə verilən Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə tədbir iştirakçıları Xidmətin Hərbi şəhərciyində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Sonra XDMX-nın xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları oldu.

Ən müasir silah-sursat və avadanlıqla təchiz olunan XDMX bu gün qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməyə qadirdir. Bununla yanaşı, əməkdaşların peşəkarlıq səviyyəsinin ildən-ilə yüksəldilməsinə də xüsusi diqqət yetirilir.

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyində yeni istifadəyə verilən Mədəniyyət Mərkəzində keçirilən təntənəli tədbirin iştirakçıları burada yaradılan şəraitlə tanış oldular. Mərkəzin iclas zalı müasir səviyyədə qurulub. Burada xidmətin fəaliyyəti, həmçinin əlamətdar günlərlə bağlı müxtəlif tədbirlər təşkil etmək üçün hərtərəfli şərait mövcuddur.

Mədəniyyət Mərkəzində Heydər Əliyev muzeyi yaradılıb. Muzeydə Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müəyyən məqamlarını əks etdirən maraqlı fotolar toplanıb. Buradakı fotolardan da aydın görünür ki, bütün həyatını xalqına bağışlayan Ulu Öndər Vətənimiz Azərbaycan naminə tarixi işlər görüb. Xalqın və dövlətin ağır günlərində hakimiyyətə gəlməklə müstəqilliyini yenicə bərpa etmiş respublikanı məhv olmaq təhlükəsindən qurtarıb.

Mədəniyyət Mərkəzinin kitabxanası da müasirliyi ilə diqqət çəkir. Burada ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev, dövlətçiliyimiz, müstəqilliyimiz haqqında bir-birindən maraqlı kitablar var. Xidmətin əməkdaşları kitabxananın hüquq, tarix, iqtisadiyyat, bədii ədəbiyyat bölmələrindəki kitablardan istifadə edə bilərlər. Kitabxana, eyni zamanda, elektron formatda da xidmət göstərir.

Təntənəli tədbirdə Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə təbriklərini çatdıran xidmətin rəisi, general-polkovnik Vaqif Axundov yubiley ərəfəsində yeni Mədəniyyət Mərkəzinin istifadəyə verilməsinə görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirdi. XDMX-nın ölkəmiz üçün ağır iqtisadi-siyasi dövrdə yarandığını qeyd edən xidmətin rəisi vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyümüz uğrunda gedən döyüş əməliyyatlarında Xidmətin hərbi qulluqçuları da fədakarcasına iştirak edərək, qəhrəmanlıq nümunələri göstəriblər. Xidmətin çox sayda hərbi qulluqçusu şəhid və əlil olub, müxtəlif ali mükafatlara, o cümlədən Milli Qəhrəman adına layiq görülüblər.