İcmalçı: Paşinyan xalqa yalan söyləməklə postunu möhkəmləndirməyə çalışır


Siyasət 23 Avq 2018 12:24:00 255 0

İcmalçı: Paşinyan xalqa yalan söyləməklə postunu möhkəmləndirməyə çalışır

Avqustun 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın öz "Facebook" hesabından canlı video ilə ölkənin iqtisadiyyat, elm və turizm sahələrinə dair qısa hesabatında dediyi rəqəmlər olduqca şişirdilmiş rəqəmlərdir.

Son.az bildirir ki, bunu Trend-ə analitik-icmalçı Ehtiram Aşırlı deyib.

E.Aşırlı bildirib ki, N.Paşinyanın çıxışından xüsusilə bu məsələləri daha qabarıq şəkildə vurğulamaq lazımdır:

"Paşinyanın sözlərinə görə, "iyun ayında ölkənin iqtisadi göstəriciləri 9,6%, iyulda isə 11,1% artıb və bu da müstəsna bir göstəricidir". Turizm sahəsinə də toxunan baş nazir ötən 3 ay ərzində ölkəyə 35 mindən artıq əcnəbi vətəndaşın gəldiyini iddia edib. Paşinyanın iqtisadiyyat və turizm sektoruna dair səsləndirdiyi rəqəmlər olduqca şişirdilmiş rəqəmlərdir. Belə ki, ölkəyə 3 ay ərzində 35 min əcnəbi vətəndaşın daxil olması faktı yalandır. Birincisi, işğalçı ölkə əcnəbi vətəndaşları cəlb edə biləcək turistik bir ölkə deyil, həmçinin ölkədə siyasi sabitlik yoxdur. Digər tərəfdən isə 3 ay ərzində Ermənistanı turistik bir ölkəyə çevirmək mümkünsüzdür. İkincisi, lap deyək ki, ölkəyə əcnəbi vətəndaşların çoxu işləmək üçün gəlib, lakin bu da mümkün deyil, çünki ölkənin işsizlik səviyyəsi olduqca yüksəkdir, yerli vətəndaşların özləri belə işsizlikdən əziyyət çəkirlər. Bəs, görəsən, Paşinyan ölkəyə gələn hansı əcnəbi vətəndaşlardan bəhs edirdi? Paşinyan baş nazir seçiləndən sonra çıxışlarında Ermənistandan qaçıb xaricdə yaşamaq üçün siyasi sığınacaq alan vətəndaşlara səslənərək ölkələrinə qayıtmalarını bildirmişdi və ehtimal olunur ki, bu çağırışdan sonra müəyyən sayda erməni ölkələrinə qayıdıb".

E.Aşırlının fikrincə, 3 ay ərzində 35 min əcnəbi vətəndaşının ölkəyə gəlməsi faktı da məhz ölkəyə qayıdan erməni vətəndaşları ilə əlaqəlidir: "O ki qaldı ölkəyə qayıdan ermənilərin sayına, bunun da 35 minə qədər olması qeyri-mümkündür".

İcmalçının sözlərinə görə, N.Paşinyanın digər yalanı isə iyun ayında iqtisadi göstəricilərinin 9,6% olduğunu, iyulda isə bu göstəricinin 11,1% artdığını və bunun da müstəsna bir göstərici olduğunu bildirməsidir:

"Çünki ölkə iqtisadiyyatının əsasını təşkil edən yüngül və ağır sənayenin 75%-i Rusiyadan aslıdır. Maraqlıdır, görəsən, Paşinyan iqtisadi artımdan bəhs edərkən nəyi nəzərdə tuturdu? Digər tərəfdən, bir ölkə ki, işğalçılıq siyasəti yerinə yetirir və o ölkədə siyasi stabitlik yoxdursa, o zaman hər hansısa bir kapitalın qoyuluşundan danışmaq yersiz olar. Xüsusilə də aprel ayından bu tərəfə ölkədə baş verən siyasi proseslərdən dolayı ölkədə hansısa iqtisadi inkisafdan bəhs etmək ağılsızlıq olar. Bir sözlə, ölkə işğalçılıq siyasəti yeridirsə və o ölkədə siyasi sabitlik mövcud deyilsə, orada iqtisadi artımdan bəhs etmək olmaz. Bəs Paşinyanın bu yalanlarda əsas məqsədi nədir? Təbii ki, Paşinyan bu yalanları söyləməklə xalqını aldatmaqla kifayətlənməyib, öz postunu möhkəmlətməyə çalışır".