Hiyləgər xəstəlik


Digərləri 22 Avq 2018 23:05:00 268 0

Hiyləgər xəstəlik

Bəzən sümüklərdə səbəbi məlum olmayan daxili sınıqlar əmələ gəlir. İnsanlar belə sınıqlara çox da önəm vermirlər. Elə düşünürlər ki, bu, soyuqdəymənin əlamətidir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazlıq pozularsa, osteoporoz xəstəliyi yaranar. 30 yaşından sonra isə sümüklər öz çəkisini itirməyə başlayır.

Son.az axşam.az-a istinadən bildirir ki, osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar əmələ gəlir. Bu sınıqlar əsasən mil sümüyündə, bud sümüyünün boynunda, onurğada müşahidə olunur. Xəstəliyin ilk iki-üç ayında sümüklər öz çəkisini 4 faiz itirir.

Hələ eramızdan əvvəl 1333-cü ildə mövcud olan osteoporoza firon Tutanxamonda da rast gəlinib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Tutanxamon osteoporoz və malyariya xəstəliyindən dünyasını dəyişib.  1948-ci ildə alimlər müəyyən etmişdilər ki, osteoporozun yaranmasına səbəb 40 yaşdan sonra orqanizmin müqavimətinin zəifləməsidir.

Müasir dövrdə isə bu səbəblər dəyişib: Az hərəkətlilik, kalsium və D vitamini çatışmazlığı, stress, vaxtlı-vaxtında qidalanmamaq osteoporoz əlamətlərinin erkən başlamasına səbəb olur.

Əgər insanda kürək ağrıları, boyun artmaması, donqarlaşma halları baş verirsə, demək o osteoporozun əsiridir.

Dəhşətli fəsadlar: Osteoporoz xəstəlik kimi çox da qorxulu deyil. Amma onun törətdiyi fəsadlar daha dəhşətlidir. Bud sümüyünün sınıqlığı çox vaxt əlilliyə gətirib çıxarır. Osteoporoz zamanı orqanizmdə funksiya pozğunluğu baş verir. Bu halda olan hər beşinci xəstə dünyasını dəyişir. Xəstəliyin başlamasından 6 ay sonra qan dövranı pozulur, damarlarda tromb əmələ gəlir, orqanizmin müqaviməti azalır və infeksion xəstəliklər başlayır. Belə xəstələr müalicəsiz qaldıqda yataq rejiminə düçar olurlar.

Əlinə düşən dərmanı qəbul etmə: Osteoporozu müalicəsiz qoymaq olmaz və onun ağrılarını dərmanlarla aradan qaldırmaq təhlükəlidir.  Müalicənin əsas hissəsi sümüyün qırılmasının, burada gedən dağılma prosesinin qarşısını alan dərmanlar qəbul etməkdən ibarətdir. Bunun üçün ən yaxşı preparatlardan biri Miakalsidir. Bu preparat hüceyrələrin dağılmasının qarşısını almaqla yanaşı, onların yenidən əmələ gəlməsinə kömək edir. Bu dərmanın qəbulu zamanı bud sümüyündə qırıqların əmələ gəlmə riski 70 faiz, onurğa sütununda isə 50 faiz azalır. Preparat iki cür olur: ampul və aerazol şəklində. Uzunmüddətli müalicələrdə aerazol məsləhət görülür. 

Diqqət: preparatdan istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Qədim dövrlərdə osteoporoz 40 yaşdan yuxarı insanların xəstəliyi hesab edilirdisə, indi onun yaş həddi daha da cavanlaşıb. Getdikcə cavanlaşan xəstəliyə indi hətta 27 yaşında olan qadınlarda da rast gəlmək mümkündür. Erkən osteoporoz əsasən, yetkinlik çağına gec girən qızlarda aşkarlanır.