İnsan öz əsarətindən qurtulmazsa, başqalarına azadlıq bəxş edə bilməz –


Digərləri 22 Avq 2018 10:22:00 294 0

İnsan öz əsarətindən qurtulmazsa, başqalarına azadlıq bəxş edə bilməz –

Qurban bayramı qoyunla simvolizə edilmir.

"Qurban bayramının mahiyyəti təkcə qoyun kəsməklə bitmir, o, daha dərin fəlsəfəsi köklərə söykənən bir bayramdır. Bu bayram qoyunla simvolizə edilmir. Qurbanlıq heyvanı kəsib ətini paylaşmaq bu bayramın nişanələrindən, əməllərindən biridir, onun sosial tərəfinə aid olan hissəsidir. Amma o daha dərin fəlsəfi anlama malikdir. Quranda bir ayə var: "Özünü təmizləyən nicat tapdı". Yəni insanın özünü təmizləməsi onun nicat tapmasına səbəb olur. İslamda hər bir bayramın hikməti var. İslam dini hikmətsiz sevinməyi və kədərlənməyi qəbul etmir. Sevincin də,qəmin də fəlsəfi əsası olmalıdır. Bu gün şadlıq günüdür, amma şadlanmaq üçün səbəb insanın özündən azad olmasıdır. Bu gün azadlıq haqqında çox danışılır, amma insanı əsarətə çəkən ən təhlükəli qüvvə insanın özüdür. İnsan öz əsarətindən qurtulmazsa, başqalarına və cəmiyyətə azadlıq bəxş edə bilməz".   

Bu barədə Son.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı, tanınmış nüfuzlu ilahiyyatçı Hacı Şahin Həsənli Qurban bayramının əsl mahiyyəti barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Qurban bayramı əslində mərhəmət hisslərinin ifadəsidir və ilk növbədə Allah yolunda fədakarlığı simvolizə edir: "Qurban bayramında insan maddi hisslərindən mənəvi hədəflərinə doğru keçməyi öyrənir. Simvolik olaraq qurban kəsilməsi ilə insan öz aşağı səviyyəli istəklərini daha üstün səviyyəli istəklərinə fəda edir. Bu da bizə Həzrəti İbrahim peyğəmbərdən yadigar qalıb. 

Hacılar həccdə qurban kəsməklə həcc ayinləri yekunlaşmağa doğru gedir. Həccin həm fərdi, həm də ictimai faydaları var. Həccin fərdi əhəmiyyəti nəfsin, dünyəvi hisslərin ilahi hədəfləri qurban edilməsidir, bu da insanın həqiqi azadlığının ifadəsidir. İnsan öz daxilində azad olmazsa, azadlığa qovuşa bilməz. Həcc eyni zamanda həm də ictimai bir ayindir. O, insanları paylaşmağa, onları digərləri ilə həmdərd olmağa dəvət edir".