Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır


Digərləri 21 Avq 2018 23:42:00 260 0

Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır

Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Federal Kansler Angela Merkelin Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi bildirib.

O qeyd edib: "Biz Türkiyə vasitəsilə Avropaya Xəzər qazının nəqlini təmin edəcək alternativ qaz kəmərlərinin inşasında maraqlıyıq. Bizim "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafında böyük marağımız var".

Hökumət nümayəndəsinin sözlərinə görə, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir:

"Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir. Lakin Berlin başqa ölkələrdən də (Türkmənistan, İran və İraq) təbii qaz idxalı üçün açıqdır".

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.