Ərəfə və Qurban günlərinin əməlləri


Digərləri 21 Avq 2018 23:15:00 321 0

Ərəfə və Qurban günlərinin əməlləri

Zilhiccə ayının 9-cu gününün - Ərəfə gününün müstəhəb əməlləri sırasında birinci yeri qüsl tutur. Ərəfə günündə oruc tutmağın da savabı böyükdür. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).

Ərəfə günündə İmam Hüseynin (ə) Kərbəladakı məzarını ziyarət etmək insana savab gətirən əməllərdən sayılır. Hətta İmam Cəfər Sadiq (ə) buyurub ki, ərəfə günündə Allah-təala əvvəlcə İmam Hüseynin (ə) zəvvarlarına mərhəmət göstərib onların ehtiyaclarını ödəyər, günahlarını bağışlayar, ondan sonra Ərəfə çölündə həcc əməllərini yerinə yetirən hacılara mərhəmət göstərər (İbn Qövləveyh. Kamilüz-ziyarat, səh. 318, 539-cu hədis). Əlbəttə, ərəfə gününü Kərbəlada qeyd etməyə imkanı olmayan şəxs İmam Hüseyni (ə) qiyabi olaraq da ziyarət edə bilər (İmam Hüseynin (ə) ərəfə gününə məxsus ziyarətnaməsini oxumaqla).

Son.az islam.az-a istinadən bildirir ki, ərəfə günündə Həzrət İmam Hüseynə (ə) məxsus olan "ərəfə duası"nı oxumağın da böyük əcri var. Ğalib Əsədinin oğulları Bişr və Bəşir rəvayət edirlər ki, İmam Hüseyn (ə) bu duanı ərəfə günündə Ərəfat çölündəki təpənin sol tərəfində duraraq, üzünü Kəbə istiqamətinə çevirmiş və əllərini sifəti bərabərində (qünut vəziyyətində) tutmuş halda, son dərəcə təvazökar bir vəziyyətdə söyləmişdir. Duanın həcmi böyükdür və "Məfatihül-cinan" kitabında bütöv şəkildə verilmişdir.

Ərəfə günündə əsr namazından sonra iki rükətlik müstəhəb namaz qılmaq da gözəl əməldir. Birinci rükətdə Fatihə və İxlas, ikinci rükətdə isə Fatihə və Kafirun surələri oxunur. Həmçinin, ərəfə günündə dörd rükətlik müstəhəb namaz qılmaq (hər rükətində bir dəfə Fatihə fə 50 dəfə İxlas surəsini oxumaqla) da çox bəyənilir.