Əmrlərə qarşı çıxmaq qabiliyyətinə necə yiyələnmək olar?


Digərləri 21 Avq 2018 20:25:00 224 0

Əmrlərə qarşı çıxmaq qabiliyyətinə necə yiyələnmək olar?

Əksər insanlar razı olmasalar belə, rəhbərlərinin dediklərinə əməl edirlər. Sən demə bunun səbəbi beyində gizli imiş. Və xoşbəxtlikdən bunu dəyişmək də mümkündür.

Çətin vəziyyətdə doğru şeyi edəcəyimizi düşünürük. Lazım gələrsə müdirimizə qarşı çıxar, zəifə dayaq olar və yanlış bildiyimiz bir şeyi etməkdən imtina edərik.

Təzyiq altında belə, hərəkətlərimizi istiqamətləndirən anadangəlmə daxili kompasa malik olduğumuzu düşünmək adamı həvəsləndirir.

Reallıqda isə əksəriyyətimiz rəhbərə qarşı çıxmağı bacarmırıq. Yeni bir araşdırma beyinin çətin vəziyyətlərlə necə başa çıxdığını - və ya çıxmadığını - görməmizə kömək olacaq.

Araşdırma, mənliyimizi güclü yetişdirmək və inandığımız dəyərlər uğrunda inadla mübarizə aparmaq bacarığımızı artırmağın yollarını ortaya çıxardacaq.

Rəhbərə və ya rəsmiyə qarşı çıxmağı hər birimiz bacarmaya bilərik, amma xoşbəxtlikdən bunu dəyişmək mümkündür

Hollandiya Nevrologiya İnstitutundan sosial nevroloq Emilie Caspar-ın rəhbərliyi ilə edilən sınaqlarda könüllülər bir-birlərinə elektrik şoku veriblər. (Araşdırma Stanley Milgram-ın 1960-cı illərdə apardığı məşhur sınaqların davamı kimi aparılsa da, daha etik və elmi cəhətdən ciddi tərzdə tətbiq edilir.)

İlk öncə iştirakçılardan bir-birinə kiçik məbləğ qarşılığında (hər dəfə təxminən 10 qəpik) şok yeritmək istənilib. İştirakçılara tərəf müqabilinə 60 dəfə şok yeritmək imkanı verilsə də, onlar təxminən yarısını tətbiq etməyiblər. Təqribən 5-10 faizi isə heç bir dəfə də şok düyməsini sıxmayıb.

Sonra Caspar iştirakçıların başı üzərində dayanıb və bunu etmələrini əmr edib. Bu zaman əvvəl şok düyməsinə toxunmayanlar belə, onu sıxmağa başlayıblar.

Caspar əmr verən kimi elektroansefaloqram (EEG) iştirakçıların beyin fəaliyyətinin dəyişdiyini göstərib. Araşdırma göstərib ki, beyin, qarşıdakı şəxsin hərəkətlərinin nəticəsini daha az qavrayır. Könüllülərin böyük əksəriyyətinin vasitəçi və məsuliyyət hissi itməyə başlayıb.

"Mən 450-dən çox iştirakçı sınadım və cəmi 3 nəfər əmrləri yerinə yetirməkdən imtina etdi," Caspar deyir.

"Bəs bu üç nəfəri digərlərindən fərqli edən nədir?"

Necə olur ki, böyük əksəriyyət bacarmadığı halda, bəzilərimiz rəhbərlərə qarşı çıxa bilirik?

Spesifik beyin zədəsi keçirən xəstələr üzərində aparılan araşdırmalar sualı qismən cavablandırır. Ön beyinin ən irəli hissəsi olan alın payı zədələnən insanlar əmrləri icra etməyə daha meylli olurlar.

"Onlar rəhbərlərə diqqətlə qulaq asır və əmrə daha az şübhə ilə yanaşırlar," ABŞ-da yerləşən Hamline Universitetinin Liberal İncəsənətlər Kollecinin psixologiya üzrə dosenti Erik Asp deyir.

"Yəni, əgər bir rəsmi şəxs səndən kimisi incitməyini istəyirsə, çox güman ki edəcəksən."

Etiraz mərkəzi

Bəs rəhbərə qarşı çıxmağa bizi vadar edən beyinin bu hissəsi nə ilə fərqlənir?

Sual inamın təbiəti - və nevroloji əsası - kimi fəlsəfi mövzulara dayanır. Dəqiq elmi fikir birliyi olmasa da, Spinozan modeli ən güclü iddia hesab olunur. İddiaya əsasən, yeni ideya və ya faktı anlamaq üçün beynimiz həmin şeyə o an inanmalıdır.

Əmrə etiraz etmək - və ya əksinə eşitdiyimizə inanmaq - elmi olduğu qədər fəlsəfi əhəmiyyət daşıyır

"Anlamaq hərəkəti həm də inanmaqdır. Proseslər nə olursa olsun, onlar eynidir, Asp deyir.

O andan sonra, siz yeni məlumata şübhə və ya etiraz edə bilərsiniz.

"Siz ayrıca neyropsixoloji prosesdən istifadə edərək reallığa qayıda və həmin əqli təmsilə inanmaya bilərsiniz," Asp söyləyir.

"Başqa sözlə, məlumata şübhə ilə yanaşa bilərsiniz."

Asp iddia edir ki, alın payı xəstələri üçün prosesin ikinci hissəsi pozulur. Yəni, müdirin söylədiyini ikinci dəfə təhlil etmək əvəzinə, bu xəstələr eşitdikləri şeyi anlamağa üstünlük verirlər.

Əgər rəhbərə şübhə ilə yanaşmaq və onu sorğuya çəkmək qabiliyyətimiz alın payında yerləşirsə, sağlam insanların bu qabiliyyəti gücləndirmələri üçün bir yol olmalıdır. Alın payı bir elastikliyə malikdir.

"Məncə, bu dəyişdirilən bilən bir xüsusiyyətdir," Asp deyir.

"Bu, beyinin içində yetişən bir funksiya deyil - daşa yazılmayıb."