Azərbaycanda ceyranlar yaşayan ərazidə şumlama işlərini aparanlar kimdir?


Digərləri 21 Avq 2018 19:05:00 266 0

Azərbaycanda ceyranlar yaşayan ərazidə şumlama işlərini aparanlar kimdir?

Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə kənd təsərrüfatı məqsədi ilə şumlama işlərinə başlanıb.

Bu barədə BBC News Azərbaycancaya ətraf mühitin mühafizəsi ilə məşğul olan Ecofront təşkilatından Cavid Qara məlumat verib.

Ətraf mühitin mühafizə olunması üzrə fəal deyir ki, "şumlama işləri "Aqroinkişaf 2017" şirkəti tərəfindən aparılır, amma şirkət barədə məlumatlı deyil".

BBC News Azərbaycanca mövqe öyrənmək üçün adıçəkilən şirkətlə əlaqə saxlamağa çalışsa da, 7500 hektar torpaq sahəsini icarəyə götürən şirkət haqqında heç bir məlumat almaq mümkün olmayıb.

"Aqroinkişaf 2017" MMC şirkəti haqqında Vergilər Nazirliyinin reystrində sadəcə ad və VÖEN nömrəsi qeyd olunub.

İnternet resurslarında da şirkət haqqında heç bir məlumat yoxdur.

Vergilər Nazirliyi mətbuat xidmətindən bildirdilər ki, saytda texniki nasazlıq olduğundan informasiya görünmür və yaxın zamanda problem aradan qaldırılacaq.

Acınohur gölü ətrafında ceyran sürüsü

Cavid Qara bildirib ki, "son illər ETSN-in ortaya çıxardığı tək-tük layihələr arasında ən uğurlusu hesab olunan ceyranların reintroduksiyası layihəsi barədə artıq məhv edilmə əmri verilib. Ekologiya Təbii Sərvətlər Nazirliyinin acizanə susqunluğunu anlamaq olmur".

Cavid Qara deyir ki, "yasaqlıq ərazisinin şumlanaraq orada yaşayan ceyran populyasiyasının təhlükəyə atılması göstərir ki, ETSN-nin və hökümətin ekoloji siyasəti ancaq görnüntü xarakteri daşıyır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə isə deyib ki, vəziyyət barədə məlumatlı olsa da, son aparılan işlər barədə dəqiqləşdirdikdən sonra informasiya verəcək.

"Yasaqlıq ərazisində 3-4 gündür şumlama aparılır"

Acınohur ərazisində şumlama işlərinin aprıldığını İlisu Dövlət Təbiət Qoruğunun mühafizə işləri üzrə direktor müavini Azərçin Muradov da təsdiqləyib.

"Şumlama işləri 3-4 gün olar başlayıb və traktorların üzərində heç bir işarə, simvol yoxdur, ancaq deyirlər ki, traktorlar "Aqroinkişaf 2017" şirkətinə məxsusdur. 4 ədəd K700 markalı traktor əkin aparır. 300-400 hektara yaxın ərazini artıq əkiblər və hələ də davam etdirilər," - Azərçin Muradov belə deyib.

Cənab Muradovun sözlərinə görə, "şumlanan ərazilər yasaqlığın ərazilərdir və qış otlaq sahələri kimi istifadə olunub və heç vaxt əkilməyib".

O bildirib ki, Acınohur ərazisindəki şumlama işləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Sözügedən ərazidə kənd təsərrüfatı işlərinin aprılacağı və kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişdirilməsi ilə bağlı Qax rayon İcra Hakimiyyəti həmin ərazidə maldarlıqla məşğul olanlara məktubla müraciət edib və onlara yenidən icarə müqaviləsi bağlamağı təklif edib.

Məktubda yasaqlıq və ona yaxın ərazilərdə torpaqların təyinatının dəyişdirilməsinə və o ərazilərin "Aqroinkişaf 2017" MMC və "CPC" MMC şirkətlərinə icarəyə verilməsinə səbəb kimi kənd təsərrüfatı məhsullarına artan tələbat göstərilib

"Yasaqlığın ərazisndə torpaqların təyinatı dəyişdirilməyib. Bu qanunsuz prosesdir"