Yoxa çıxmaqda olan qədim sənəti yüzlərlə insana sevdirən "AccessBank" müştərisi (FOTO)


Digərləri 21 Avq 2018 18:20:00 379 0

Yoxa çıxmaqda olan qədim sənəti yüzlərlə insana sevdirən "AccessBank" müştərisi (FOTO)

AccessBank müştərilərinin uğur hekayəsini paylaşmağa davam edir.

Bakı. AccessBank müştərilərinin uğur hekayəsini paylaşmağa davam edir. Budəfəki qəhrəmanımız Şəki sakini Güləndam Alxasovadır. Güləndam xanım Azərbaycanın əsrarəngiz sənət növlərindən biri olan təkəlduza yeni nəfəs verən və onu yaşadan sənətkarlardan biridir. Güləndam xanım kimi bir çox sənətkarın qızıl əlləri sayəsində bu sənət nəinki nəfəs alır, hətta digər sahələrin də inkişafına yeni nəfəs gətirir. Əvvəla gəlin təkəlduz sənətini yaxından tanıyaq. El arasında xalq tətbiqi sənətinin bu növü parça üzərində tikmə kimi tanınır. "Tək əllə düzmək" mənasını verən təkəlduzun tarixi 17-ci əsrə uzanır. Sənətkarlar və tarixçilər iddia edir ki, xalq tətbiqi sənətinin bu növü ilə yalnız Şəkidə məşğul olublar. Ən maraqlısı budur ki, qədimdə bu işlə sırf kişilər məşğul olsa da, zaman keçdikcə xanımlar da öz məharətini göstərməyə başlayıblar. Təkəlduz bir sənət növü olmaqla yanaşı, məişətdə də istifadə olunub. Qədim dövrlərdə bu tikililərin bir qismi gündəlik həyatda istifadə edildiyi halda, digər qismi yerli tacirlər tərəfindən bir sıra Avropa ölkələri, xüsusilə Fransa bazarına çıxarılaraq satılıb. Güləndam xanım deyir ki, Azərbaycan müstəqillik əldə edənədək təkəlduz sənəti yoxa çıxmaq təhlükəsi ilə üzləşmişdi. Respublikamız müstəqillik qazandıqdan sonra isə bu sənət növünə sanki ikinci həyat verildi. Sənətkarın sözünə görə, təkəlduz deyiləndə mərhum Möhtərəm xanım yada düşür. Belə ki, Möhtərəm xanım bu sənəti öz davamçılarına sevdirib, təkəlduzu nəsildən nəsilə ötürməyi bacarıb. Qəhrəmanım 14 yaşından yaradıcılıqla məşğul olmağa başlayıb. Onun ilk əl işləri milli kuklalar olub. Beləcə həmsöhbətim həyatının 45 ilini bu sənətə verib. Mərhum Möhtərəm xanım kimi, o da bu sənəti nəslindən nəsilə ötürməyi bacardı. Belə ki, onun oğlu Murad da anasının yolunu getməkdə israrlıdır. Üstəlik, Güləndam xanım gəlini Anna xanımda da bu sənətə sevgi oyada bilib. Yeri gəlmişkən, Anna xanım qazaxıstanlıdır. Qəhrəmanım gəlininin təkəlduza olan sevgisini Şəki əhlinə xas olan zarafat da qataraq belə izah edir: "Əbəs yerə demirlər ki, gəlin ocağa gələr…" Onu da qeyd edim ki, Güləndam xanımın 35 davamçısı var. Güləndam xanım həm də yerli Əlil uşaqların reabilitasiya mərkəzinin rəhbəridir. O, yüzlərlə fiziki imkanları məhdud uşağın cəmiyyətə inteqrasiyasına dəstək olur: "35-40 nəfər fiziki imkanları məhdud uşağı bu sənətə sövq etmişik. Onlar bu sənətlə məşğul olurlar və çörək pulunu qazanırlar". Onun sözlərinə görə, təkəlduz fitri istedad tələb edir. Bu sənətlə məşğul olanlarda mütləq rəssamlıq qabiliyyəti olmalıdır. İynə-sapla işləmək çətin olsa da, təkəlduz ipə-sapa yatan sənətdir: "Çətin olsa da, yorğunluğu aradan qaldırır, insana mənəvi istirahət verir. Sanki başqa bir dünyaya köçürsən! Düzdür, ara-sıra qəfildən barmağına iynə batanda başqa dünyadan dərhal qayıdırsan öz dünyana (gülür). Baxmayaraq ki, mən 63 yaşın içindəyəm, bu sənət olmazsa, yaşaya bilmərəm". Sənətkar deyir ki, onun və həmkarlarının əl işlərinə tələbat yüksəkdir. Lakin maraq göstərənlər arasında xaricilər çoxluq təşkil edir. Bununla yanaşı, həmsöhbətim deyir ki, xaricilər yalnız zahiri gözəlliyə aldanmır, sənətin incəlikləri ilə də maraqlanırlar: "Məsələn, bir xarici gələn kimi, xahiş edir ki, mən ona master-klass göstərim. Ardınca özünü də sınayır. Yalnız iş prinsipi ilə maraqlandıqdan sonra ən gözəl əl işlərini alırlar. Şəkiyə turistlər çox gəldiyindən əl işlərimizə tələbat da yüksəkdir".