Cavid İmamverdiyev: "Sumqayıt"la qarşılaşma mənim üçün prinsipial yox, adi oyun idi"


Sosial 20 Avq 2018 16:20:47 307 0

Cavid İmamverdiyev: "Sumqayıt"la qarşılaşma mənim üçün prinsipial yox, adi oyun idi"

"Bunlar bir az səs-küy yaradacaq"

"Sabah" klubunun futbolçusu Cavid İmamverdiyevin evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra "Report"a müsahibəsi

- Xeyli fasilədən sonra yaşıl meydana döndünüz. Zədədən sonra oynamağa özünüzü nə dərəcədə hazır sayırdınız?

- Hələ də ayağım ağrıyır. Ancaq komandama kömək etmək üçün meydana çıxdım və əlimdən gələni etdim. Həm fiziki cəhətdən o qədər hazır deyiləm, həm də ayağımda ağrılar var. Bunun qarşısını almaq üçün ağrıkəsici iynə də vurdurdum.

- İlk məğlubiyyətiniz evdə böyük hesabla oldu. Uğursuz nəticəni nə ilə əlaqələndirərdiniz?

- Yaxşı ki belə hallar çempionatın əvvəlində baş verir ki, özümüzə gələk. Bir də belə vurhavurla rastlaşmayaq. Bu mənada bir tərəfdən bizim üçün müsbət haldır ki, təcili özümüzə gəlməliyik. Yoxsa belə getməyəcək. Premyer Liqada hər bir komanda bu dəqiqə güclənib. Oynamaq heç asan olmayacaq. Bu qarşılaşma bunu bizə göstərdi. "Sumqayıt"ı qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram. Gələcək matçlarımıza baxacağıq.

- Bəlkə ilk turdakl qələbə sizi arxayınlaşdırdı? Hər halda, "Keşlə"ni səfərdə yenmək asan məsələ deyil...

- Yox. Deməzdim ki, arxayınlaşmışdıq. Futboldur, bir komanda udmalı, digəri uduzmalıdır. Bu gün bəxt "Sumqayıt"ın tərəfində oldu. Qol imkanlarından istifadə etdilər və nəticəni ilk hissədə 50 faiz həll etdilər. Hər halda fasiləyə 3:1 hesabla irəlidə yollanmışdılar. İkinci hissədə bunun əvəzini çıxmaq üçün əlimizdən gələni etdik. Futbolçularımız bu mənada çox əziyyət çəkdilər. Deməzdim ki, meydana arxayın çıxmışdılar. Onlara çəkdikləri əziyyətə görə "çox sağ ol" deyirəm. Elşad Əhmədovun həm yaxşı insani keyfiyyətləri var, həm də yaxşı baş məşqçidi. O, nə deyirsə, bacardığımız qədər yerinə yetirməyə çalışırıq. Ancaq olmadı, belə gördüm ki,"Sumqayıt"ın qələbə istəyi bizdən çox idi.

- Bəlkə "Sumqayıt"la matç şəxsən sizin üçün prinsipial qarşılaşma olduğuna görə meydana çıxmaq istəyiniz çox idi?

- Onu belə qələmə verməyək, prinsipial deməzdim. Əlbəttə, "Sumqayıt"dan gəlmişəm və bir peşəkar futbolçu kimi indiki komandama xeyir verməliyəm. Keçən mövsüm "Sumqayıt"da olmuşam, indi "Sabah"ın futbolçusuyamsa, bu komandanın uğurları üçün çalışıram. Prinsipiallıq söhbəti yoxdur. Mənim üçün adi oyunlardan biri idi.

- Hər halda, "Sumqayıt"dan "Səbail"ə keçidiniz gözlənilməz, səs-küylü oldu. Sizi iddialı komandada yox, debütantın heyətindəgördük. Hansı həlledici amil oldu ki, karyeranızı Premyer Liqada ilk mövsümünü keçirən komandada davam etdirməyə qərar verdiniz?

- Futbolçunu çox komanda istəyə bilər. Ancaq futbolçu görür ki, kim onu daha çox istəyirsə, o komandaya da gedir. Mən də gördüm ki, "Sabah" məni daha çox istəyir. Düşünürəm ki, burda hələ çox iş görəcəyik.

- Yəni, transferinizdəmaddi amillərin roluolmadı?

- Əlbəttə, maddi amillər o qədər çox rol oynamadı. Ancaq çox adam bunun əksini fikirləşir. Sadəcə, gördüm ki, "Sabah" rəhbərliyi transferimin baş tutmasında daha istəklidir. Ona görə bu komandaya keçdim və buna görə heç bir peçmançılığım yoxdur. Əlimdən gələni edəcəyəm və çalışacağam ki, burada daha çox uğurlarımız olsun.

- Elşad Əhmədovla münasibətlərinizdə problem olması da müzakirəyə çevrilib. Buna da aydınlıq gətirərdiniz...

- Bilmirəm o söhbət haradan çıxb.

- Deyilənə görə, Türkiyədəki yoxlama oyunlarının birində baş məşqçi ilə mübahisəniz olub, acıq edərək gedib tribunada oturmusunuz...

- Yox-yox, elə bir şey olmayıb. Elşad müəllim çox gözəl insandır. Onunla münasibətim nəinki buradan, hələ "Neftçi"nin vaxtından var. Hər ikimiz bu komandanın da üzvü olmuşuq. Xətrini istədiyim insandır. Sadəcə, deyirlər də... Bu gün çox şey deyirlər ki, "Sumqayıt"dan "Sabah"a gəldim və sair. Bunlar bir az səs-küy yaradacaq. Ancaq Elşad müəllim mənim üçün böyük hörmət etdiyim şəxsdir.

- "Sabah"la cari mövsümdə nəyə ümid edirsiniz?

- Bu mövsüm bir məqsədimiz var - Premyer Liqada qalmaq. Gələn mövsüm məqsədimizdən danışarıq.

- Qarşıdan milli komanda üçün vacib turnir sayılan UEFA Millətlər LiqasındaKosovo iləçətin sınaq gəlir. Sentyabrın 7-dək tam hazır ola biləcəksiniz?

- Milli komanda formasını geyindinsə, artıq nə "Sabah", nə "Sumqayıt", "nə "Neftçi" - heç nə yada düşməməlidir. Çünki bu, Azərbaycanın milli komandasıdır. Burada yeri gəlsə, ayağın zədəli-zədəli də canını qoymalısan. Düzdür, demirəm ki, klubda bunu etməməlisən. Sadəcə, sırf Azərbaycanı, sizləri, bizləri təmsil etdiyimiz üçün ürəklə, can-başla oynamalıyıq. Yeri gəlsə, meydanda başımızı da qoymalıyıq. Milli komandaya da psixoloji, necə lazımdır hazıram. Başa məşqçimizdən dəvət gözləyirəm. Qurban Qurbanov yığmaya çağırsa, can-başla gedib oynayacağam. Çalışacağıq ki, Millətlər Liqasında uğurla çıxış edək.