"Qara Dənizin Mirvarisi" Batumidən


Digərləri 20 Avq 2018 11:18:00 247 0

"Qara Dənizin Mirvarisi"  Batumidən

Yayda məzuniyyətə çıxarkən istirahət etmək üçün maraqlı məkan axtarırıq. Ağılımıza ilk gələn yer öz doğma rayonlarımız və ya qonşu dövlət olan Gürcüstan olur. Gürcüstan həm məsafəcə yaxın, həm də cibimizə uyğun yerdir. Yayda istirahət üçün çoxumuz Gürcüstanın Batumi şəhərini seçirik. Qara dənizin sahilində yerləşən bu şəhər dünyanın turizm mərkəzlərindən biri sayılır. Bura dənizi ilə turistləri cəlb edir. Gürcüstanın ən yaxşı çimərlikləri burada yerləşir.

Batumi şəhəri Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Əhalinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir.

Batumiyə necə gedək?

Bakıdan Batumiyə müxtəlif marşrutlarla getmək olar. Ən sərfəlisi avtobusdur. Bakıdan Batumiyə birbaşa avtobus reysi var. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi yola düşür. Gediş qiyməti 40 manat təşkil edir.  Avtobuslar kondisioner və "wi-fi" sistemi ilə təchiz olunub. Bakıdan Batumiyə olan məsafə 940 km-dir. Avtobusla 13 saata Batumiyə çatmaq olar.

Batumidə qiymətlər elə də baha deyil. Burada 500 manat pulla 1 həftə yaxşı istirahət edə bilərsiniz. Batumidə istirahətə gedərkən, əlbəttə ki, dəniz sahilində bir yerdə, çimərliyə daha yaxın yaşamaq istəyirsən... Burada qalmaq üçün münasib qiymətə kifayət qədər evlər, hostellər var. Qiymətlər günlük hostellərdə 20-40 evlərdə isə 50-100 arası dəyişir otellərdə qiymət qismən bahadır. Burada qiymətlər 80 laridən başlayır.

Bu yazımda Batumidə gəzib - gördüyüm ən maraqlı yerlər haqqında sizə qısa da olsa məlumat verməyə çalışacağam.

"Əli və Nino" heykəli

Batumidə turistlərin əsasən də azərbaycanlıların yaddaşlarında qalan yerlərdən biri də "Əli və Nino" heykəlidir. Heykəl Qurban Səidin azərbaycanlı oğlanla gürcü qızın sevgisindən bəhs edən "Əli və Nino" romanından ilhamlanaraq yaradılıb. "Əli və Nino"əsl sevgi abidəsidir. Abidənin hündürlüyü 7 metrdir. Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər. Heykəllər hər gün səhər saat 07:00-da hərəkətə başlayır və on dəqiqədən bir qovuşurlar. Gecələr isə, heykəllər xüsusi olaraq quraşdırılmış vasitələrlə işıqlandırılır. Bu heykəl Batumini dənizkənarı bulvarına ayrı möhtəşəmlik verir.

Batumi bulvarı

Batuminin dənizkənarı bulvarı da çox məşhurdur. Dənizkənarı bulvar səkkizi kilometr uzanır. Şəhərin əsas hissəsi sayılır. Burada çoxlu restoranlar, kafelər, klublar, fəvvarələr, heykəllər, və uşaqların əyləncəsi üçün müxtəlif atraksionlar yerləşir.

Çimərlik

Əlbəttə ki, Batuminin əsas cazibəsi onun çimərlikləridir. Çimərlik çox təmizdir. Bu çimərlikdə yay zamanı ukraynalı, rusiyalı, iranlı və ərəb turistləri görə bilərsiniz. Çimərlikdə quma rast gələ bilmərsiniz. Burada ancaq çınqıldır. Çimərkən ehtiyatlı olmaq lazımdır. Dərinlik demək olar ki dərhal başlayır. Gecələr çimərlikdə gənclər üçün diskotekalar təşkil olunur.

Əlifba qülləsi

Bulvarda gəzdiyiniz zaman qarşınıza böyük bir qüllə çıxır. Qülləni gürcü əlifbasının şərəfinə inşa ediblər. Qüllə üzərinə gürcü əlifbasının 33 hərfi həkk olunub. Qüllənin uzunluğu 130 metrdir.Ən üst hissədən şəhərə gözəl mənzərə açılır. Bu mənzərəyə baxmaq üçün 10 larinizdən keçməlisiniz. Burada restoran da yerləşir.

Botanika Bağı

Batumi Botanika Bağı Batumi şəhərindən 9 km məsafədə yerləşir. Məsafə şəhərdən bir qədər aralı olsa da getməyə dəyəcək bir yerdir. Bura Batuminin ən sakit yeridir desək yanılmarıq. Burada adamın ruhu dincəlir. 113 hektar sahəsi olan bu bağ dünyanın ən böyük botanika bağlarından sayılır. Giriş biletinin qiyməti 8 laridir.