Pis havalar turistləri şimal rayonlarımızdan qovur:


Digərləri 19 Avq 2018 23:53:00 309 0

Pis havalar turistləri şimal rayonlarımızdan qovur:

Son günlər havaların kəskin dəyişməsi ilə əlaqədar şimal-qərb bölgəsinə gələn turistlərin sayı azalıb. Ən çox azalma isə Zaqatala rayonunda müşahidə olunub.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həmin bölgədə yerləşən "Turqut" hoteldən verilən məlumata görə, havaların kəskin dəyişməsi hotelə əməlli başlı ziyan vurub. Belə ki, istirahətə gedən turistlər həmin bölgəni tərk edir. Hoteldən bildirirlər ki, ötən illərə nisbətən bu il turist axını azalıb.

Bu həm də evlərini turistlərə kirayəyə verən sakinlərə də təsir edib. Xanım Həsənova son günlər havaların kəskin dəyişməsi ilə əlaqədar gələn turistlərin geri döndüyünü deyir: "Ötən illər havalar sentyabrda soyuyurdu. Gələn turistlər də uzun müddət qala bilirdi. Bölgəmizin sakinlərinin əsas gəlir yeri fındıqçılıq və turizm idi. Güclü leysan yağışları nəticəsində hər ikisindən də məhrum olmuşuq. Gələn turistlər geri qayıdır, əvvəldən zəng edib gələcəyini deyən qonaqlar da sonradan imtina edib". Qax rayonunun "Səngər qala" hotelindən isə bildiriblər ki, havaların soyuması onlar da müştərilərin azalmasına səbəb olub. Lakin soyuq havanı sevən insanlar həmin məkanda qalmağı və təmiz hava qəbul etməyi üstün tutublar.

Qax rayonun İlisu kəndində uzun illər öz evində kirayənişin saxlayan Solmaz Əfəndiyeva da bu il turist qıtlığının yaşandığını deyib: "Ötən illərdə avqustun sonlarına qədər qonaqlarımız olardı. Bu il isə demək olar ki, yay çox qısa keçdi. İyun ayında da havalar soyuq oldu. Avqustun 9-dan isə havaların kəskin dəyişməsi səbəbindən gələn qonaqlar kəndi tez tərk etdi."

"Bundan başqa, qazın kəsilməsi və elektrik enerjisinin fasilələrlə verilməsi qonaqların getməsinə səbəb oldu. Hələ dünən qazımız gəlib, biz kənd adamı ola-ola qazsız yaşaya bilmirik, şəhər adamı necə dözsün?" - deyə Solmaz xanım əlavə edib.

Şəkidə isə vəziyyət digər rayonlara nisbətən daha ürəkaçandır. Qədim şəhərə turist axını hələ də davam edir. "Sheki Palace Hotel"dən verilən məlumata görə, havaların kəskin dəyişməsinin onlara heç bir təsiri olmayıb. Hoteldən bildiriblər ki, güclü yağışlar və leysanlar digər rayonlara nisbətən Şəkidə daha az olduğundan, gələn qonaqlar rayonu tərk etməyib.