Ailədə uşaq tərbiyəsi: nələri bilməli?


Digərləri 19 Avq 2018 22:10:00 339 0

Ailədə uşaq tərbiyəsi: nələri bilməli?

Ailə nədir? Müasir ensiklopediyalarda və lüğətlərdə ailəyə, demək olar ki, eyni tərif verilmişdir. Ailə bir-biri ilə məişət birliyi və qarşılıqlı məsuliyyətlə bağlı olan adamların nikah və ya qan qohumluğuna əsaslanan birliyidir. Ana, ata, bacı, qardaş - bizim ailə dünyamızın acılı-şirinli xatirələri bu doğma adamlarla bağlıdır. Biz övladlıq, qardaşlıq və bacılıq hissi ilə onlarla ömürlük bağlıyıq. Ailə həm də cəmiyyətin ilkin özəyi, onun sosial strukturunun ünsürlərindən biridir. Ailə həm də qarşılıqlı məhəbbət, inam, etibar və hörmətə əsaslanan birlikdir. Məsələyə daha dərindən yanaşdıqda isə ailə özlüyündə kiçik bir dövləti xatırladır. Dövlətdə dövlətin başçısı, dövlətin idarə olunmasında iştirak edənlər, onun vətəndaşları olduğu kimi, bu struktur eynilə ailəyə də aiddir.

Ailə münasibətlərində cəmiyyətin bütün ünsürləri öz ifadəsini tapır. Ailə həmçinin insani münasibətlərin ilk aşılandığı məktəbdir. Demək olar ki, ilk əxlaqi təcrübə, yaxşı, pis, sevgi, nifrət, mərhəmət, xeyirxahlıq və bu kimi xüsusiyyətlər məhz birinci ailədə təşəkkül tapır və sonra cəmiyyətə daxil olur.

Ailə - insanın bir şəxsiyyət kimi yetişməsində böyük rol oynayır. O cümlədən uşaq şəxsiyyətinin formalaşmasında da ailənin rolu əvəzsizdir. Hər bir şəxsin sonrakı taleyi, həyatda tutacağı mövqe ailə tərbiyəsi ilə bilavasitə bağlıdır. Bəs uşağın tərbiyəsinə nə vaxtdan başlamaq lazımdır? Bir vaxt valideynlərdən biri məşhur rus pedaqoqu K. D. Uşinskiyə belə bir sualla müraciət edir. Görkəmli pedaqoq:

- Sizin uşağın neçə yaşı var? - deyə xəbər alır.

- İki yaşı...

K. D. Uşinski başını yelləyərək:

- Siz düz iki il gecikmisiniz, - deyə cavab verir...

Bu sözlərdə böyük həqiqət var. Deməli, uşağın tərbiyəsinə anadan olan kimi başlamaq lazımdır.

İnsanların ən ləyaqətlisi və ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə ehtiramla yanaşanlardır. Ailədə uşaqların tərbiyəsi qayğısına qalmaq valideynlər üçün ən qiymətli sərvət hesab olunur. Buna görə də valideynlər ilk gündən övladlarına düzgün tərbiyə verməlidirlər. Peyğəmbərimizin (s.ə.s.) söylədiyi kimi: "Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz".