Küləkli hava şəraiti davam edəcək


Digərləri 19 Avq 2018 15:34:00 238 0

Küləkli hava şəraiti davam edəcək

Sabah respublika ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-24°, gündüz 25-29° isti olacaq.

Abşeron yarımadasının şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 24-25° isti olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanların ehtiyatlı olmaları tövsiyə edilir.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşam əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.