İçərişəhərdə muzeylərə gələn turistlərin sayı və biletlərin QİYMƏTİ


Digərləri 18 Avq 2018 07:50:00 304 0

İçərişəhərdə muzeylərə gələn turistlərin sayı və biletlərin QİYMƏTİ

Bakıya gələn turistlərin ən çox baş çəkmək istədikləri məkanlardan biri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğudur.

Bakı. Ceyhun Ələkbərov - Bakıya gələn turistlərin ən çox baş çəkmək istədikləri məkanlardan biri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğudur. Bəs gün ərzində İçərişəhərdə ən çox turist qəbul edən muzey hansıdır və biletlərin qiymətləri arasında fərq varmı? Trend-in bu sualını “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Azadgil cavablandırıb. N.Azadgil bildirib ki, Qız Qalası və Şirvanşahlar Sarayı İçərişəhərdə turistlərin ən çox axın etdiyi tarixi yerlərdəndir: "Bu muzeylər digərlərindən ziyarətçi sayına görə fərqlənir. Statistikaya görə, Qız Qalasına gün ərzində 1000 turist baş çəkir. Bayram günlərində, məsələn, Novruz bayramında bu rəqəm 3000-dən artıq olur. İçərişəhərdə Marionet teatrı da fəaliyyət göstərir. Hazırda tətildə olduqlarından tamaşa göstərilmir, ancaq teatr fəaliyyətdə olduğu zaman buraya da böyük maraq müşahidə edilir". İçərişəhərdəki muzeylərə giriş biletinin qiymətinə gəlincə, idarə rəsmisinin sözlərinə görə, qiymət yerli və xarici vətəndaşlara görə dəyişir: "Qız Qalasına bilet 6 yaşadək uşaqlara pulsuzdur, məktəblilərə 20 qəpik, tələbələrə 1 manat, xarici tələbələrə (tələbə biletini təqdim etdikdə) isə 6 manatdır. Yerli vətəndaşlara giriş 2 manat, əcnəbilər üçünsə 12 manatdır".