Qabaqtəpə arısı Qafqazdan Amerikayadək yayılan milli sərvətimiz


Digərləri 17 Avq 2018 23:54:00 325 0

Qabaqtəpə arısı  Qafqazdan Amerikayadək yayılan milli sərvətimiz

Azərbaycan ərazisində tarixən sarı və boz rəngli arılar məskən salıblar. Həmin arılar dağ və dağətəyi bölgələrdə yayılmaqla mövsüm ərzində meşə, çəmən və otlaqlarda olan bitkilərin çiçəklərinin nektarından qidalanır. Beləliklə, bu arılarda min illər ərzində bitkilərin xüsusiyyətlərinə xas olan uzun xortumluluq və eyni zamanda, çiçəklər arasında seçim etməmək əlaməti yaranıb ki, bu da onu başqa növ arılardan fərqləndirən səciyyəvi xüsusiyyətlərdəndir.

Son.az bildirir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində GABA-nın (Gəncə Aqrobiznes Assosiasiyasının) heyvandarlıq və arıçılıq üzrə mütəxəssisi Ramin Abbasov deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan arı genefondunu iki arı növü təşkil edir: Sarı Qafqaz arısı və Bozdağ Qafqaz arısı. Sarı Qafqaz arısının Lənkəran və Sarı İran, Bozdağ Qafqaz arısının isə Qabaqtəpə və Şahdağ populyasiyası var. Azərbaycan dünyada ən məhsuldar arılardan olan Bozdağ Qafqaz arısının vətənidir. Bu arı növü Qabaqtəpə arısının populyasiyasına həyat verib. Belə ki, Qabaqtəpə arısı Bozdağ Qafqaz arısının yerli şəraitin təsiri nəticəsində meydana gəlmiş populyasiyadır. Bu arı Daşkəsən rayonunun Qabaqtəpə kəndi ətrafında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılıb.

Qabaqtəpə arısının yerli arı genefondumuzun "Qızıl arısı" sayıldığını deyən Ramin Abbasov vurğulayıb ki, bu arı məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə cəmləyib. Bununla yanaşı, sürətlə inkişaf edib. Gün ərzində nektar ardınca uçuşa tez başlayıb, gec qurtarır. Nektar bolluğu olan rayonlarda belə digər arı cinslərindən çox bal toplayır. Bu xüsusiyyətlər də onun yüksək məhsuldarlığını şərtləndirən əsas cəhətlərdəndir. Soyuq qış, küləkli iqlim şəraitinə uyğunlaşaraq, böyük floramiqrasiya göstəricisi ilə seçilərək daha müsbət üstünlüklərə sahib olub. Qabaqtəpə arısı kəşf olunduqdan, üstünlükləri öyrənildikdən sonra ona maraq daha da artıb. Yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılıb. Keçmiş SSRİ məkanında, Avropada yetişdirilməsinə həvəs göstərilib. Ana arılar hətta Amerikaya belə aparılıb.