Əncirin bilmədiyimiz faydaları


Digərləri 17 Avq 2018 23:43:00 252 0

Əncirin bilmədiyimiz faydaları

Xoş dadı və şirinliyi ilə payız mövsümünün əvəzolunmaz meyvəsi olan əncir həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında təkrarsız vasitədir.

Son.az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru Zaur Həsənov AZƏRTAC-a əncirin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi ondan istifadə qaydaları haqqında danışıb.

Zaur Həsənov bildirib ki, əncirdən təzə və qurudulmuş halda istifadə edilir, şirə, doşab, kompot, cem, mürəbbə, şərab və sair hazırlanır. Qurudulmuş əncirdə 55-70 faizə qədər şəkər olur və onu uzun müddət saxlamaq mümkündür. Tərkibində asan mənimsənilən şəkər, zülal, turşular, C, B1, B2 vitaminləri, A provitamini var. Hər 100 qram meyvənin kaloriliyi 74 kilokalori, konservləşdirilmişlərdə 53 kilokalori, qurudulmuş meyvələrdə isə 257 kilokalori təşkil edir. Qurudulmuş meyvələrdən həddən artıq istifadə artıq çəkiyə də səbəb ola bilir.

Alim qeyd edib ki, müalicə vasitəsi kimi əncirin meyvəsindən, yarpağından, yarpaq saplağından, kökündən və zoğlarından istifadə olunur.

Meyvələri böyrəyin və mədənin işini yaxşılaşdırmaqla yanaşı, həm də sidikqovucu xüsusiyyətlidir. Əncirdən qanazlığı, mədə-bağırsaq xəstəlikləri, isitmə və digər xəstəliklərin müalicəsində istifadə edilir. Əncir meyvələri ağızdan gələn pis iyləri götürür, baş tükünün artmasına səbəb olur. Xalq təbabətində yetişmiş meyvələrin şirəsindən ürək xəstəlikləri və hipertoniyada, mürəbbə və bəhməzindən qanazlığında, ümumi zəiflik zamanı bərpaedici və qüvvətverici vasitə kimi istifadə edilir. Təzə və isladılmış quru əncir irinli yaraların, çibanların yetişməsində faydalıdır. Xalq təbabətində suda və ya süddə bişirilmiş əncirdən soyuqdəymə, nəfəs yollarının iltihabı, həmçinin angina və damağın soyuqlaması zamanı qarqara kimi istifadə edilir.