İqbal Babayev: "Yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq" FOTO


Digərləri 17 Avq 2018 21:50:00 312 0

İqbal Babayev: "Yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq"  FOTO

"Sheraton Baku Airport" otelində Dövlət Gömrük Komitəsinin (DGK) rəhbər vəzifəli şəxsləri və xarici iqtisadi fəaliyyət iştirakçıları arasında görüş keçirilib.

DGK-dan Son.az-a verilən məlumata görə, komitənin sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, görüşdə məqsəd gömrük işinin daha şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması və gömrük rəsmiləşdirilməsi ilə bağlı gömrük sistemində həyata keçirilən islahatlar və yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaqdır.

Ölkə iqtisadiyyatı və xarici ticarətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən atılan zəruri addımlardan bəhs edən DGK sədrinin müavini, eyni zamanda, gömrük orqanları tərəfindən son zamanlar idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsi, şəffaflığın təmin olunması, daha əlverişli biznes mühitinin yaradılması üçün görülən işlər barədə danışıb.

İ.Babayev vurğulayıb ki, gömrük sistemində islahatlar bir neçə istiqamətdə aparılır; həm struktur, həm də biznes prosesində mühüm dəyişikliklər edilir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ticarətin asanlaşdırılması və informasiya texnologiyalarının tətbiqi həyata keçirilir, sahibkarlar və gömrük əməkdaşları arasında münasibətlər təkmilləşdirilir.

Diqqətə çatdırılıb ki, yaxın zamanlarda gömrük sistemində aparılan islahatlar başa çatdırılacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda isə bu islahatlar ayrı-ayrı gömrük orqanları üzrə yekunlaşdırılır.


Xəbərə aid fotolar