Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsi açılıb


Digərləri 17 Avq 2018 15:51:00 227 0

Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsi açılıb

Bakıda ikinci CNG/STQ yanacaqdoldurma məntəqəsinin açılış mərasimi olub.

Bakı. Bakının Badamdar qəsəbəsi, Xarici dairəvi yol, yeni avtomobil bazarının yaxınlığında “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə məxsus ən yüksək standartlara cavab verən SOCAR brendli ikinci sıxılmış təbii qaz (STQ - beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. SOCAR-dan Trend-ə verilən məlumata görə, bununla da ümumilikdə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 27-yə çatıb. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi lenti kəsib, Azərbaycan ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsinin aktiv şəkildə genişləndiyini vurğulayıb. Tədbirdə qeyd olunub ki, ikinci sıxılmış təbii qaz məntəqəsinin istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi yüksəliş, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsi istiqamətində daha bir uğur kimi əlamətdar hadisədir. Hazırda ölkəmizdə 2,6 trilyon kubmetr təsdiqlənmiş və 7 trilyon kubmetr potensial qaz ehtiyatı mövcuddur. SOCAR ölkəmizdə hasil olunan təbii qaz həcmlərinin Türkiyə və Avropa Birliyi dövlətlərinə nəql edilməsi məqsədi daşıyan möhtəşəm Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə, dünyada enerji mənbələrinin diversifikasiyasına, qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.