Allahın bəndələrindən gözləntisi


Digərləri 16 Avq 2018 23:45:00 283 0

Allahın bəndələrindən gözləntisi

"Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir Kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar". ("Muminun" 62).

Allah Təala insanlara elə vəzifələr və təkliflər təyin etmişdir ki, onların gücü çatan səviyyədədir. İstər etiqadi təklif olsun, istərsə də əməli.

Allahın təyin etdiyi namaz, oruc, zəkat və bu kimi başqa ibadətlər - insanların gücü çatan ibadətlərdir. Əlbəttə o kəslərin ki, üzrləri vardır və müvəqqəti və ya daimi olaraq bu ibadətləri kamil şəkildə yerinə yetirə bilmirlər, Allah onlar üçün də çıxış yollarını bəyan etmişdir. Misal üçün, oruc tuta bilməyən qocalara və ya xəstə insanların namaz qılmaq üslubuna aid də hökmlər vermişdir.

Yəni, dini hökmlər elə deyildir ki, insan onu yerinə yetirə bilməsin - hətta xəstə olduğu və ya üzrü olduğu zamanlarda belə.

Allah insanlara ağıl və dərk qüvvəsi vermişdir ki, bütün bu həqiqətləri öz ağıl və dərki ilə qəbul edə bilsin. Əlbəttə, hər kəsin ağıl səviyyəsi eyni deyildir. Ona görə də Allah Təala bu mövzulara da diqqət etmiş və hər bir insandan ağıl səviyyəsinə görə təkliflər istəmişdir. Misal üçün avam insanların boynuna qoyduğu vəzifə, böyük biliyə malik olan alimlərin vəzifələrindən fərqlidir, eyni deyildir.

"Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cism və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir". ("Kəhf" 49).