Peyğəmbər (s) ağlamağı qadağan etməyib


Digərləri 16 Avq 2018 23:10:00 304 0

Peyğəmbər (s) ağlamağı qadağan etməyib

Həzrət Muhəmməd Peyğəmbərin (s) Mariyeyi-qibtiyyə adlı kənizdən olan oğlu İbrahim hicri 10-cu (miladi 630-cu) ildə iki yaşına çatmadan dünyasını dəyişdi. Bundan əvvəl də Peyğəmbərin (s) Xədiceyi-Kübradan olan oğulları dünyadan köçmüşdülər. Quranda buyurulduğu kimi, o həzrət oğul atası sayılmamış və nəsli qızı Fatimənin (ə) vasitəsilə davam etmişdir.

Son.az islam.az-a istinadən bildirir ki, İbrahimi dəfn edərkən Allahın Rəsulu (s) onu qucaqlayıb öpdü, ərtrini iylədi, göz yaşlarını gizlədə bilməyib ağladı. Yanındakı səhabələrə bu hərəkət qəribə gəldi, çünki onlar Allahın Rəsulunu (s) həmişə güclü iradəli bir şəxsiyyət kimi görməyə adət etmişdilər. Hətta Əbdürrəhman ibn Avf heyrətin büruza verərək soruşdu: "Səndəmi, ey Allahın Rəsulu (ağlayırsan)?" Peyğəmbər (s) onun cavabında buyurdu: "Ey Avfın oğlu, bu (yəni göz yaşı) rəhmətdir". Yəni mən də atayam və öz körpə oğlumun ölümünə mərhəmətlə yanaşıram. Yaxud göz yaşları Allahın bizə bir lütfüdür ki, icimizdəki ağrı-acıdan bunun vasitəsilə xilas olmaq imkanını bizə verib. Həqiqətən, insan ağlamaqla yüngülləşir və təskinlik tapır.

Ardınca həzrət buyurdu: "Həqiqətən, göz ağlayır, qəlb dərd çəkir. Amma biz Rəbbimizin razılığı olmayan bir söz danışmarıq. Ey İbrahim, həqiqətən, biz sənin ayrılığından kədərlənirik".

Bu hadisə ağaşıdakı mühüm mənbələrdə öz əksini tapmışdır:

Səhih əl-Buxari, Kitab əl-Cənaiz, hədis 1303;

Səhih Müslim, Kitab əl-Fəzail, hədis 6025 (2315);

Sünən İbn Macə, Kitab əl-Cənaiz, hədis 1589 və s.

Allahın Rəsulu (s) bəzi səhabələrin ölümünə də kədərlənib ağlayırdı. Bunlardan biri Osman ibn Məzun idi. Məkkə əsilli, Qüreyş soylu Osman ibn Məzun İslamı qəbul edən 14-cü şəxs kimi tarixə düşüb. O, Həbəşistana hicrət etmiş dəstənin başçısı idi, amma az sonra Məkkədə vəziyyətin yaxşılaşması barədə şayiəni eşidib vətənə qayıtmışdı. Osman ibn Məzun çox ibadət edən bir insan kimi tanınırdı. O, Bədr döyüşündən az sonra vəfat etmiş və Bəqi məzarlığına gömülmüşdü.

Həzrət Muhəmməd Peyğəmbər (s) Osman ibn Məzunun dəfni zamanı onun cənazəsini öpüb ağladı. Bunu əhli-sünnə alimləri içində xüsusi yeri olan Hakim Nişaburi "əl-Müstədrək əla-l-Səhiheyn" kitabında (1-ci cild, səh. 508, hədis 1335) Peyğəmbərin (s) həyat yoldaşı Aişə xanıma istinadən rəvayət etmişdir.