Çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 16 Avq 2018 20:36:00 210 0

Çaylarda sululuq səviyyəsi dəyişib

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində Respublikanın əksər çaylarında sululuq artmış, Böyük Qafqazın bəzi dağ çaylarından Talaçay, Zilbançay, Kişçay, Kürmükçay çaylarından isə qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara çaylarında 70-130, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 50 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 276 m3/s olmaqla, ongünlük normanın 411 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11,5 m3/s təşkil edərək ongünlük normanın 17 faizinə bərabər olub.