"Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"


Digərləri 16 Avq 2018 19:19:00 221 0

"Şərhçi olmaq istəyən kəfəni əyninə keçirib gəlir"

Son.az bildirir ki, "CBC Sport"un şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli qol.az-a müsahibə verib. Telekanalın son yenilikləri ilə bağlı danışan R. Əfsərli maraqlı fikirlər səsləndirib.

- "CBC Sport" yeni mövsümdən Çempionlar Liqası, Avroliqa, Millətlər Liqası, İspaniya La Liqası, AÇ-2020 və DÇ-2022-nin seçmə oyunlarının yayım hüququnu aldı. Bilmək istərdik, bu, necə gerçəkləşdi?

- Bu, daha çox rəhbərliyə ünvanlanmalı sualdır. Çünki onlar detalları daha yaxşı bilirlər. Amma mən bu kanalda çalışdığım və daxili prosesləri bildiyim üçün deyim ki, bir neçə ay idi bunun üzərində iş gedirdi. Bildiyim qədərilə danışıqlar prosesi çox çətin keçib. Kənardan göründüyü kimi asan deyil: "CBC Sport" gəldi, müsabiqədə iştirak etdi və aldı, getdi. Xeyr, belə deyil. Bunun üzərində kanal rəhbərliyinin, baş direktorumuz Volkan Üstün çox böyük əməyi var. Böyük prosesdir. Mən bir idman jurnalisti, telekanal əməkdaşı kimi bu məsələyə çox sevinirəm. Bu cür turnirləri yayımlamaq, şərh etmək hər birimiz üçün qürurverici bir şeydir. "CBC Sport" yarandığı gündən inkişaf etməyə, böyüməyə çalışır. Hər il irəliyə doğru bir addım atmışıq. Bəlkə bu addımlar daha da böyük ola bilərdi. Amma obyektiv və subyektiv səbəblərdən daha kiçik addım olub. Amma bu il irəli getmək, inkişaf etmək mənasında çox vacib addım atdıq. Bu isə təbii ki, üzərimizə daha böyük məsuliyyət qoyur. Öhdəsindən gəlməyə çalışacağıq.

- Dünya çempionatı ərəfəsində bəzi şərhçiləriniz İTV-də mundialın oyunlarını şərh etdilər. Eyni təcrübədən siz də istifadə edəcəksinizmi? Yəni, bu qədər oyunu şərh etmək üçün digər telekanallardan şərhçilər dəvət olunacaqmı? Yoxsa öz şərhçiləriniz kifayət edir?

- Dünya çempionatı ərəfəsində İctimai telekanalla bizim kanalın rəhbərliyi arasında danışıqlar oldu. Onların müraciəti var idi, bizdən xahiş etdilər. Bilirsiniz ki, İctimai Televiziya sırf idman profilli kanal deyil. Təbii ki, onların şərhçiləri də bir ay ərzində 40-50 oyunu şərh etmək üçün kifayət etmir. Ona görə də müraciət etdilər. Fürsətdən istifadə edib onlara təşəkkürümüzü bildirirəm. Amma o ki qaldı qarşılıqlı addım məsələsinə, açığı, hələlik bu barədə düşünməmişik. Ümumilikdə isə şərhçilərimizin sayı hələlik yetərincə deyil. Bunu indidən açıq demək istəyirəm. Müxtəlif səbəblərdən sıralarımız bir az seyrəlib. Yeni mövsümdə işimiz, oyunlarımız çoxdur. Yeni şərhçilər cəlb etməyə çalışacağıq. Konkret adlar çəkə bilmərəm, kimlər gələcək, necə gələcək. Amma onu deyim ki, daha çox "CBC Sport"da yetişən gənclərə şans verməyə çalışacağıq. Çünki öz kadrlarımızı da yetişdirməliyik, şərhçilərimizin sıraları genişlənməlidir. Kanal olaraq öz daxilimizdə bu işə başlamalıyıq. Çox istedadlı gənclərimiz var. Artıq bəziləri 1-2 ildir efirə çıxır. Şərhlər də ediblər. Düzdür, Çempionlar Liqası, dünya çempionatı kimi qlobal turnirlər olmayıb. Amma biz artıq Hollandiya, İtaliya çempionatının, Premyer Liqamızın, milli komandalarımızın oyunlarını yayımlayırıq. Bundan başqa, 2016-cı il Avropa çempionatı və Kopa Amerika turnirinin matçlarını vermişik. Orada təcrübə qazanmış gənc şərhçilərimiz var. Onları da cəlb etməyə çalışacağıq. Ancaq təbii ki, təcrübəli şəxslərə də ehtiyacımız var.

- Bir ara telekanalda maliyyə problemi olması ilə bağlı xəbərlər dolaşırdı. Bu, nə dərəcədə doğru idi?

- Bu suala daha dəqiq bizim rəhbərlik və Maliyyə Departamenti cavab verə bilər. Amma işçilərin, şəxsən öz adımdan deyə bilərəm ki, son ilyarımda maaşlarımızın nəinki uzunmüddətli, heç bir neçə gün gecikməsi belə mənim yadıma gəlmir. 2 il əvvəl hardasa müəyyən çətinliklər olurdu, hazırda isə hər hansı maliyyə problemindən söhbət gedə bilməz. Təbii ki, "CBC Sport"un büdcəsi böyük deyil. Bunu anlamaq lazımdır. Hazırda kanala reklam cəlb etmək üçün danışıqlar aparırıq. Düzdür, telekanalın sponsorları da var, amma maliyyə durumu hüdudsuz deyil. İşçi üçün nə lazımdır? Maaşını, mükafatlarını vaxtında alması üçün. Biz çoxdandır belə problemlər yaşamırıq.