Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb


Digərləri 16 Avq 2018 16:58:00 263 0

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 16-dan 20-dək aparılır. DİM-dən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas qrupları üzrə müsabiqə şərtləri aşağıdakı kimidir: I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. "Fizika", “Kompüter elmləri”, "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", “Geologiya”, "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə ümumi balı 250-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq” və "Torpaqşünaslıq və aqrokimya" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur). II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.