Gələn ay Bakıda “ADEX2018” Beynəlxalq müdafiə sərgisi keçiriləcək


Digərləri 16 Avq 2018 13:48:00 203 0

Gələn ay Bakıda “ADEX2018” Beynəlxalq müdafiə sərgisi keçiriləcək

"ADEX-2018" Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Son.az bildirir ki, Müdafiə Sənayesi Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 25-dən 27-dək Bakıda "ADEX-2018" Azərbaycan Beynəlxalq müdafiə sərgisi keçiriləcək. Regionda ilk dəfə 2014-cü ildə "ADEX" adı altında Azərbaycanda keçirilən və iki ildən bir təkrarlanan bu sərgi, silah və hərbi texnikanın nümayişi üçün təşkil olunan ən genişmiqyaslı tədbirlərdəndir. Üçüncü dəfə təşkil olunan "ADEX" sərgisi, müasir silah və avadanlıqların möhtəşəm nümayişi ilə yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin aydın göstəricisi olacaq. Sərgini Prezident, Ali Baş Komandan İlham Əliyevin ənənəvi olaraq ziyarət etməsi tədbirin əhəmiyyətini hər zaman daha da artırır.

Bakı Ekspo Mərkəzində keçiriləcək "ADEX-2018" sərgisində dünyanın inkişaf etmiş ölkələrindən 200-dən artıq şirkətin iştirakı nəzərdə tutulur. Azərbaycan, Türkiyə, Fransa, Rusiya, İsrail, Belarus, Pakistan, Serbiya, Ukrayna və digər ölkələr bu sərgidə milli qruplarla çıxış edəcəklər. İştirakçı ölkələr arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sənayesi sektorunu təmsil edən aparıcı şirkətlər də yer alacaq. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək.

Müdafiə Sənayesi Nazirliyinin pavilyonu mərkəzin üçüncü zalında yerləşəcək və bu pavilyonda nazirliyin müəssisələrində yaradılan və istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş olunacaq. Burada iştirakçılar və ziyarətçilər, Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər.

Sərginin işgüzar proqramı çərçivəsində ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də xarici nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlər keçiriləcək.