Nazir: Bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır (FOTO)


Digərləri 16 Avq 2018 11:10:00 253 0

Nazir: Bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub.

Bakı. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, pansionatda stasionar, diaqnostika, fizioterapiya şöbələrində aparılan işlər nəzərdən keçirilib. Qeyd olunub ki, 250 çarpayılıq müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunur. Cari ilin ötən dövründə də 2631 nəfər əliliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 311 nəfər pansionata qəbul olunub. Hazırda 230-a qədər əlilliyi olan şəxsə burada bərpa müalicə xidmətləri göstərilir. S.Babayev müəssisədəki ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgen kabinetləri, mədəni-istirahət bölməsi, laboratoriya, müalicəvi bədən tərbiyəsi zalı, tətbiq olunan müxtəlif fizioterapevtik müalicə üsulları və s. ilə tanış olub. O, pansionatda müalicə olunan əlilliyi olan insanlarla görüşüb.