Məni niyə söyürsən?


Digərləri 15 Avq 2018 12:32:00 195 0

Məni niyə söyürsən?

Bu gözəlim ölkənin ən böyük problemi insandır, insanlıqdır. Hər gün insanlığını, mənəvi dəyərlərini itirmiş insanlar tərəfindən küncə sıxışdırılırıq. Qaçmaq desən mümkün deyil, getmək desən yol deyil, ölməyə çalışmaq da olsa-olsa axmaqlıqdır. (Yeri gəlmişkən bu axmaqlığın ən böyüyünü edən adam kimi, sizin yerinizə də özümü necə lazımdı qınayıram.) Bu qəddar, ruhsuz, başqalarının heyfini səndən çıxmağa çalışan, şəxsi uğursuzluqlarının da günahını səndə görən məxluqat tərəfindən hər gün bir az da əzab çəkməyə məhkum olunmuşuq. Gizlənməyə, yox olmağa, hamının yadından çıxmağa çalışırsan olmur.  Sən hər şeydən əlini-ayağını çəkirsən, həyatın gətirdiyi türlü problemlərlə başını qatmaq istəyirsən imkan vermirlər. Bu azğınlaşmış məxluqlar, kütləşmiş beyinlər səndən əl çəkmir ki, çəkmir. Beynimizdəkilərlə onsuz da xoşbəxt yaşamaq mümkün deyil, üstəlik bu qəzəbli insanların əlindən də bir rahat günümüz, saatımız yoxdur.

Mütəmadi olaraq söyüşlü, təhqirli mesajlar alıram. Bəzən heç tanımadığım nömrədən zəng edib söyürlər. Hə, vallah. Məsələn, tanımadığım nömrədən zəng gəlir, açıram:

Salam. Oxucunuzdur. (Bu da ələ salmaq metodur.) Buyurun. Niyə ölmürsən ay bədbəxt? Nə gündəsən ay yazıq? (Sonra da çoxmərtəbəli söyüşlər) ...

Təsəvvür edin dilim-dodağım quruyur, nə cavab verəcəyimi bilmirəm. Əvvəllər heyrətlənirdim, amma yavaş-yavaş alışmağa başlayıram. Kimdən, niyə gəldiyini düşünmədən, özümü bu münasibətə layiq bilmədiyim üçün bəzi mesajlarda söyüş görəndə oxumadan silirəm. İnadına nə e-mail ünvanımı, nə də telefon nömrəmi dəyişirəm. Bunları da şikayət olaraq dilə gətirmirəm. Nədən? Çünki illərdir yazdığım yazılara yazılan əcaib şərhlərdən, sosial şəbəkələrdə müzakirələrdən sonra buna alışmışam. Dişlərimi sıxıb susuram. Normal adam tanımadığı birinə niyə ölüm arzulasın?

Niyə söyürsən məni qardaşım, bacım? Niyə tanımadığın bir adamı təhqir edirsən ay insan? Nə istəyirsən məndən? Soruşsan müsəlmanam deyəcək, saatlarla qul haqqından, qəlb qırmaqdan danışacaq adamlarsınız. Nədir bu qəzəb?

Bir oxucu düşünün ki, şeirini bəyənmədiyi şairə içib beyni dumanlanandan sonra təhqirli mesaj yazır: "Sən çox əclaf adamsan. Bütün içdiyimizi zəhər elədin c...r!" Niyə də qardaşım, niyə? Nədir mənim günahım? Xoş deyil, sənin zövqüncə deyil oxuma. Nə məcburdur?