456 vəzifəli şəxs 384 min manat məbləğində cərimə olunub


Digərləri 15 Avq 2018 11:52:00 194 0

456 vəzifəli şəxs 384 min manat məbləğində cərimə olunub

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirlərinin nəticələri açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq, dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

2018-ci ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına 3077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1540,3 min manatının bərpası təmin edilib və normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilməklə, Məcəllənin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.