Azərbaycanda balıqartırma zavodu yenidən qurulur


Digərləri 15 Avq 2018 11:24:00 266 0

Azərbaycanda balıqartırma zavodu yenidən qurulur

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin mayın 31-də Neftçala rayonunda yerləşən S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Komitədən Son.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub.

Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə "Azerbaijan Fish Factory" Məhdud Məsuliyyətli Cəmiyyəti zavodun satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.

Qalib şirkət dövlət büdcəsinə 750 min manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 3 milyon 79 min manat təşkil edən İnvestisiya Proqramının icrasını, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.