Axtardığı gözü önündə olan insan


Digərləri 14 Avq 2018 23:45:00 253 0

Axtardığı gözü önündə olan insan

Bismilləhir-Rahmənir-Rahim!

Təqvaın insanın həyatına, mənəvi inkişafına, vücudi durumuna, ümumən insanın sonucuna nə kimi təsirlər etdiyi - mübarək dinimizin ən ümdə mövzularındandır. Təqvanın insanın həm yaşayışına, həm də aqibətinə taleyüklü təsiri vardır.

Bəhslərdən aydın olur ki, insanların diqqət etməməklə, çox da fərqinə varmamaqla səciyyələnən yaşayış tərzi - onların nəticəsiz, uğursuz, faydasız həyat sürmələrinin başlıca səbəbidir. Allah Təala cəmi insanları bu aqibətdən xilas etsin, inşəallah!

Təqva, hər bir əməlin bünövrəsi olmalıdır

Təqvaya riayət etməyin əhəmiyyəti barədə dinimizin çoxsaylı tövsiyələri vardır. İslamın nəzərində təqva - hər əməlin bünövrəsində olmalıdır. Əziz İslam Peyğəmbəri (s) sevimli səhabəsi Əbuzərə buyurmuşdur: "Gərək təqvaya riayət etməyə sərf etdiyin çalışman, digər əməllərə sərf etdiyin çalışmadan daha çox olsun".

Mübarək hədisdə iman əhlinə mühüm bir həqiqət çatdırılır. İnsan müxtəlif məsələlərin ardınca gedir, müxtəlif işlər görür, amma bir çox hallarda nəticəsiz, faydasız aqibətlə üzləşir, bərəkətsiz durumda qalır. Bunun səbəbi ondadır ki, yaradılış, mövcudiyyət baxımından, niyə yaradılması, nə üçün yaşaması baxımından insanın davranış tərzi başqa cür olmalıdır. Bu mətləblərə diqqət yetirən insan, gərək təqvalı duruma gəlmək üçün səy göstərsin, başqa işlərə göstərdiyi diqqətdən az olmayaraq öz vücudi durumuna diqqət yetirsin. Belə ki, insanın təqva yönündə çalışması olmasa, onun digər əməlləri məna yükündən məhrum olur. Bunlar fayda və nəticədən, keyfiyyətdən xali olar.

Həzrət Əlidən (ə) nəql edilən hədisdə təqvanın ən vacib şərti ilə bağlı açıqlama verilir: "Pisliklərdən çəkinmək, yaxşılıqları əldə etməkdən daha müqəddəmdir".

Məlum olur ki, insan öncə pisliklərdən çəkinmək xüsusiyyətini əldə etməlidir, daxilində bir ruhani halın yaranmasına nail olmalıdır ki, mənfi və eybəcər işlərə əncam verilməsini əngəlləsin. İnsan var ki, özünü yaxşı iş görən kimi tanıyır, amma nəzərə almır ki, mənfiliklərdən qurtulmamışdır. Belə halda dinimiz həmin insanlara xitabən buyurur ki, etdiyin işlər çox gözəldir, amma xoş aqibət və nəticəli durum istəyirsənsə, ən əsas şərt kimi gərək mütləq Allahın bəyənmədiyi işlərdən çəkinəsən. Ən azı - insan bu əzmdə olsun və buna çalışsın ki, inşəallah, Uca Allah da ona kömək edər.

Təqvasız ibadət yoxdur

Amma insanın ibtidai vəziyyətində Allahın bəyənmədiyi işlərdən çəkinmə halı olmadıqda, onun gördüyü böyüklü-kiçikli işlərin onun vücudi durumu üçün tərəqqi və intibah baxımından perspektivləri yox dərəcəsindədir. İnsan nələrisə əldə etmək iqtidarındadır, amma işlərini mövcudiyyət fəlsəfəsinə uyğun qurmadıqda, bu "nələrinsə" nəticəsi olmayacaq. Allah insanı yaradıb və onun istedad və bacarıqlarını, edə biləcəklərini, "nə lazımdır"ı insandan təbii ki, yaxşı bilərək, ona müəyyən bir həyat tərzi, mənalı yaşam tərzi tövsiyə etmişdir. Və bu tövsiyələrə riayət edə bilmək üçün bütün zəruri bilgilər insana təqdim olunmuş, gediləsi asan yol müəyyənləşdirilmişdir.

Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: "Həqiqətən, əgər namazın çoxluğundan kaman kimi əyilsəniz və çoxlu oruc tutmağın təsirindən kamanın ipi kimi nazilsəniz belə, əgər təqvaya riayət etməsəniz və haramdan çəkinmsəniz - halınıza fayda verməz".

İnsanlar ən böyük nemətlərin özlərinin ən yaxınlığında olmasını görmürlər. Bu nemətlərin gözəlliyi ilə bağlı sadə həqiqətləri qəbul etməyə səy etmirlər. Nə qədər məsələlər, nə qədər tövsiyələr təqdim olunmuşdur bəşər övladına dinimiz tərəfindən! Burada hər an vücudi bir sıçrayış üçün, nicat tapmaq üçün fövqəl imkanlar vardır.

Elə götürək yaxınlaşan zilhiccə ayını. Bu ayla bağlı, ələlxüsus da onun ilk ongünlüyü ilə bağlı bolluca müjdələr vardır. Bu günlərin böyük mənəvi fürsətliliyi ilə əlaqədar İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah Təala dərgahında heç bir günlərin xeyir əməl və ibadəti (zilhiccə ayının ilk 10 günündən) daha sevimli deyildir".

Bu ayda hər bir insan üçün böyük mənəvi imkanlar vardır. Bu ayın ilk 9 günü oruc tutan, bütün ömrü boyu oruc tutanın savabını əldə edir. Bu ayda elə bir xüsusi namaz vardır ki, onu qılan insanı həcc ziyarətində olanların savabına şərik edir.

Dua vasitəsilə zilhiccə ilə tanışlıq

Zilhiccə ayının 9-cu gününün əsrinə qədər oxunan gündəlik bir dua var ki, zilhiccə ayını tanıma baxımından, maarifçilik nöqteyi-nəzərindən, sözsüz ki, misli-bərabəri yoxdur. Bu dua 9 gün, hər sübh namazından sonra və məğrib (şam) namazından əvvəl oxunur. İmam Sadiqdən (ə) nəql olunan bu duanın mühüm məqamlarına toxunaraq, bir çox həyati mövzulara aid bilgilər əldə edə bilərik. Əvvəla, duadan bəlli olur ki, bu günlər - ilin digər günlərindən daha fəzilətli və daha şərafətli qərar verilmişdir Rəbbimiz tərəfindən. Müqəddimədə gələn bu anlam, bütövlükdə zilhiccə ayının ilk ongünlüyünün nəhəng əhəmiyyətini qavramağa yardım edir.

"Allahım! Öz lütfünlə və rəhmətinlə mənə bu günləri dərk etməyi nəsib etmisən" - deyə dua edir şükürlü bəndə.

Bəs nələri istəməli, nələri diləməlidir o insan ki, bu günlərin bərəkətini dərk etmişdir? "Elə isə bizə bu günlərin xüsusi bərəkətlərini nəsib et, İlahi" - deyə çağırır bəndə.

Bəs nədir bu ən böyük nemət? "Sənin salamın olsun İlahi, Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə" - deyilir burada.

Bu salam - elə-belə salam deyil. Əvvəla, salamın cavabı vacibdir. Demək, Allah Rəsuluna (s) salam göndərən insan, mütləq o Həzrətdən (s) cavab almaq şərəfinə nail olacaq.

İkincisi, bu müqəddəs insanlara salam göndərmək, onların dəyərlərinə "hə" demək, onların amalları ilə həmahəng olmaq deməkdir ki, bu dua edən bəndəni gözləyən çox böyük, hətta misilsçiz mənəvi bir sərvətdən xəbər verir.

Bəs nə var bu günlərdə ki, insan onlara can atmalıdır? Duada bizə öyrədilir: "Allahım! Bizlərə hidayət, iffət, insanlara ehtiyaclı olmamağı nəsib et. Bu yola bizi hidayət et! Bizə o əməlləri sevdir ki, onlarda Sənin razılığın var!".

Necə də gözəl müraciətlər var bu duada! Allah Təalanın kimliyi tanıdılır möminə. "Ey bütün şikayətlərin ünvanı, ey bütün gizli sirləri eşidən! Ey bütün varlıq aləminin şahidi! Ey bütün gizlinlərə elmi olan!" - deyə xitab edir Rəbbinə duanı oxuyan bəndə. Yaradanına mərifətli, tanıyaraq xitab etdikdən sonra, bəndə yenə dua edir: "Bu günlərdə bizlərdən bəlanı dəf et, bizlərdən duaları qəbul et! Bizi bu günlərdə qüvvətləndir! Bizə yardımçı ol, imdad ver! Xüsusi tofiqatını nəsib et!".

Razılıq məqamı

Nədir bu günlərin xüsusi tofiqatı? Məhz riza məqamı - Allahın razılığı olduğu işlərə daxili məhəbbət və istək. "Allahım! Özünə, Peyğəmbərinə, vilayət sahiblərinə itaəti ki, vacib buyurmusan, bizə qismət et ki, bu vücudi itaəti, ardıcıllığı yerinə yetirə bilək!" - deyə diləyir müxlis bəndə.