Yerevanda Koçaryanın mətbuat konfransına imkan verilməyib


Dünya 14 Avq 2018 22:25:00 240 0

Yerevanda Koçaryanın mətbuat konfransına imkan verilməyib

Yerevanda "Privet, Rob" adlı etiraz aksiyası iştirakçıları "Robert - qatil" çağırışları ilə "Erebuni Plaza" hotelinin konfranslar zalına girərək, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın planlaşdırdığı mətbuat konfransının keçirilməsinə imkan verməyiblər.

Bazar ertəsi azadlığa buraxılmış Ermənistanın sabiq prezidenti bu gün jurnalistlərə öz mövqeyini izah etmək üçün mətbuat konfransı çağırmışdı.

Koçaryan ona qarşı "zorakılıqla konstitusiya quruluşunu dəyişmək" ittihamı qəbul etmədiyini deyir və mövcud Ermənistan hakimiyyəti tərəfindən siyasi təqibə məruz qaldığını bildirib.

Aksiya iştirakçıları mətbuat konfransı vaxtından bir saat tez otelin yanına toplaşıblar.

Robert Koçarryan konfrans zalına daxil olmağa cəhd etmədən ərazini tərk etməyə məcbur olub.

Onun yerinə onlarla nümayişçi "ömürlük həbs" tələblərilə konfrans zalına soxulublar.

Aksiyanın "Privet, Rob" adlanmdırılması, fəalların fikrincə, Koçaryanın prezident dövründəki hadisələrdən birini xatırlatmalıdır.

2001-ci ildə prezident Robert Koçaryan bir qrup qonaqları ilə Yerevanın caz musiqisi ifa olunan restoranlarından birində olarkən, onun keçmiş tələbə yoldaşı uzaqdan ona "Privet, Rob" deyə salamlayıb. Prezidentin mühafizəçiləri həmin Poğos Poğosyan adlı şəxsi restoranın tualetində döyüblər, Armenia.im saytı iddia edir.

Poğosyan hadisədən sonra vəfat edib, Koçaryanın baş mühafizəçisi işdən azad edilib və cəmi iki il müddətinə şərti həbsə məhkum edilib.