Pişiklər haqqında


Digərləri 14 Avq 2018 20:25:00 363 0

Pişiklər haqqında

Bizə elə gəlir ki, pişiklərimizi tanıyırıq. Adətən onlar məkrli və xudpəsənd təsiri bağışlayırlar. Amma pişiklər heç də digər heyvanlardan daha çox xudpəsənd deyillər.

Və molekulyar genetikçilər, veterinar alimlər və heyvan davranışı mütəxəssisləri tərəfindən əldə olunan son məlumatlar da bu sevimli ev heyvanı haqqında bildiyimiz bəzi şeylərin üzərindən xətt çəkəcək. Əgər pişiyinizin böyük zəka sahibi olduğunu düşünürsünüzsə, yanıla bilərsiniz...

Birinci mif: Süd pişiklər üçün ideal qidadır

Pişiklərin süd içdiyini göstərən ənənəvi təsvir aldadıcı ola bilər. Pişiklər yağlı olduğuna görə qaymağı çox sevirlər və inəkdən yenicə sağılan və üzəri qaymaqla örtülən süd onları cəlb edir.

Fəqət hazırda dükanlardan aldığımız südün tərkibində yağlılıq aşağıdır. Bəzi pişiklər onun dadını bəyənsə də, əksəriyyəti üçün südü həzm etmək çətindir.

Bütün körpə məməlilər kimi pişik balaları da süddəki əsas şəkər sayılan laktozanı həzm etmək bacarığına malik doğulurlar.

Körpə heyvanlar üçün şəkər mühüm enerji mənbəyidir, amma diş çıxarmağa başladıqdan sonra, onlara südü həzm etmək bacarığı ilə təmin edən laktas fermenti bağırsaqdan yox olmağa başlayır.

Yetkin yaşlı pişik süd içdikdə həzm oluna bilməyən laktoza fermentləmyə başlaya bilər və belə olduqda mədə üçün narahatçılıq törədəcək.

İkinci mif: Pişikləri təlim etmək olmur

Təəccüblü olsa da, pişiklər də itlər qədər öyrənmək qabiliyyətindədir. Demək ki, onlara da nə isə öyrətmək mümkündür.

Lakin bunu edən adam çox azdır. Bunun bir səbəbi odur ki, pişiklərin zərərvericiləri ovlamaq və öldürmək kimi ənənəvi fəaliyyəti onlarda təbii olaraq mövcuddur.

Pişiklər bu barədə heç nə öyrətmədən belə, uğurlu olurlar. Təlim verilməyən itlər isə köməkdən daha çox maneə törədirlər.

Fəqət bu iki növ arasındakı fundamental fərq nə dərəcədə yaxşı öyrənmək bacarığı deyil, onları öyrənməyə həvəsləndirən amillərdir. İtləri (Canis lupus familiaris) unikal edən insanını diqqətini mükafat kimi qəbul etmək qabiliyyətidir.

Onlar təlimçilərinin etdiyi hərəkətləri demək olar ki, aludə olmuş şəkildə izləyirlər. Yəni, tələb olunan hərəkəti yerinə yetirdikdə başlarını sığallamaq, əks halda onlara fikir verməməklə davranışlarını formalaşdırmaq mümkündür.

İtləri həm də qida mükafatı ilə təlim etmək olur. Amma əksər pişikləri (Felis catus) təlim etmək üçün qida yeganə vasitədir. Bir çox YouTube videolarından da gördüyümüz kimi pişiklər üçün ən asan fənd onları yemək üçün "yalvarmağa" məcbur qoymaqdır.

Pişiyi təlim etmək üçün daha çox səbir və dözüm lazımdır. Çünki pişiklər yalnız müəyyən bir şeyi istədikləri təqdirdə insanların dediyini edirlər, itlər isə hər zaman buna hazırdırlar.

İlk öncə onları diqqətli olduqda mükafatlı sonluğa alışdırmaq lazımdır. Bunun üçün dadlı böyük krevetka və ya bir tikə toyuq sinəsi bəs edə bilər.

Təlim müddəti əvvəlcə qısa olmalıdır, çünki pişiklər bir şeydən tez sıxılırlar. Və yenidən təlim olunan yerə cəlb etmək cəhdləri onları öyrənməkdən çəkindirə bilər.

Təlim, sahibinin həyatını asanlaşdıracağı qədər pişiklərin sağlamlığı üçün də əvəzsiz vasitədir.

Məsələn, pişiyi veterinara səyahəti çətin ola bilər. Lakin əgər pişik daşındığı səbətə girib-çıxmağın əyləncəli bir şey olduğunu öyrənərsə və səbətin əslində təhlükəsiz və rahat bir yer olduğunu bilərsə, bütün proses asan və stresssiz başa gələr

Üçüncü mif: Pişiyi maraq öldürdü

Bu qədim deyimə görə, pişiklər o qədər hər şeylə maraqlanırlar ki, tez-tez özlərini riskə atırlar. Əslində isə çox az pişik belədir.

Təbii ki, bu həvəs pişikdən-pişiyə dəyişir, amma yeni vəziyyətə yaxınlaşmaq cəsarətinə heç də hər pişik sahib deyil. Onlar adətən diqqətli olurlar və tanış olmayan bir şeyi uzaqdan yoxlamağa üstünlük verirlər.

Bioloqlar düşünür ki, bu xarakterik əlamət onları insandakı xüsusiyyətlərə yaxınlaşdırır və təkcə pişiklə yox, bir çox heyvanlarda mövcuddur.

Qida kimi mənbələr kasad olduqda cəsarətli heyvanlar çəkingənlərdən daha çox sağ qala bilirlər. Lakin qidaya yaxınlaşaraq yırtıcılara yem olmamaq üçün çəkingənlik əlverişli xüsusiyyətdir.

Bu isə növlər arasında şəxsi əlamətlərin mövcudluğunun göstəricisidir.

Pişiklər heç də hər şeylə başqa heyvanlardan daha çox maraqlanmırlar; deyimi isə 'pişiyi stress öldürdü' ilə əvəzləmək lazımdır

Bəs bu deyim doğru deyilsə, necə yaranıb?

Sən demə deyimin orijinal forması ilk dəfə 16-cı əsrdə "pişiyi diqqət öldürdü" kimi qeydə alınıb. Diqqət isə narahatlıq və ya stress mənasında verilib.

Deyimi yazıya alınacaq qədər mühüm edən şey məlum olmasa da, veterinar elmi arxasında yatan həqiqəti yenidən aşkarlayır. Ev heyvanı kimi pişiklərin çoxu sistit və dermatit kimi stresslə əlaqəli xəstəliklərdən əziyyət çəkirlər.

Son araşdırmalar göstərir ki, bu xəstəliklərə yol açan əsas şey pişiklər arasında antaqonistik münasibətlərdir.

Eyni evdə yaşayan pişiklər arasında stress yarana bilər. Eyni sahibə malik yola getməyən iki pişik və ya əraziləri arasında sərhədi müəyyənləşdirə bilməyən qonşu pişiklər.

İtlərdən fərqli olaraq pişiklər, bu cür fərqləri həll etmək imkanı verən bədən dili kimi sofistik analizə malik deyillər və aylarla, illərlə konflikt içində yaşaya bilərlər.

BBC Horzion-un təqdim etdiyi The Secret Life Of The Cat (Pişiyin Gizli Həyatı) adlı verilişdə qarşı evlərdə yaşayan Kato və Phoebe adlı iki pişiyin aradakı bağçanın 'sahibliyi' barədə mübarizəsi göstərilmişdi.

Dördüncü mif: Pişiklər ev heyvanlarıdır

Bioloqların tam ev heyvanı meyarlarına uyğun gələn pişik növləri Fars, Siam, Rus Blyuzu və Maine Coonlardır. Tam ev heyvanına çevrilən it növləri, donuz və damazlıq mal-qara kimi bu pişiklərin çoxalması, yemi və qayğısını sahibləri müəyyənləşdirir.

Fəqət Britaniyadakı əksər pişiklər ev heyvanı kimi yararlı deyillər. Onların anaları ola bilsin ki, ev heyvanı olublar.

Amma cütləşmə mövsümündə (adətən yanvar və ya fevralda) onlar evdən çıxıb aktiv şəkildə mümkün qədər çox erkək pişiyin diqqətini cəlb etməyə çalışırlar.

Bu erkək pişiklərin bir-ikisi ev pişiyi ola bilər, amma hal-hazırda bir çox erkək pişik sahibləri gəzəyən olmasınlar deyə onları neytral cinsi hala saldırır. Yəni, onların əksəriyyəti insandan qorxan bir növə çevrilir.

Hər dişi və ya "kraliça" pişik bir neçə saat, bəzən isə bir neçə gün ərzində cəlb edə bildiyi erkək pişiklər arasından cütləşmək üçün bir və ya ikisini seçir.