25 dövlət əmlakı özəlləşdirildi


Digərləri 14 Avq 2018 17:38:00 243 0

25 dövlət əmlakı özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərracda 25 dövlət əmlakına 29 sifariş verilib.

Komitədən Son.az-a verilən məlumata görə, dövlət əmlaklarından 4-nün sifarişi elektron formada qəbul edilib. Özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisə və obyekti, 10-u qeyri-yaşayış sahəsi, 9-u nəqliyyat vasitəsi kateqoriyalarına aiddir.

Bu dəfə hərracda 4 avtomobil rəqabətli mühit yaradıb. Belə ki, buraxılış ili 2012-ci il olan "VAZ-21214" markalı avtomobilə ilkin qiymət 3 min 500 manat təyin olunub. İştirakçılar arasında mübarizə satış qiymətini 5 min 200 manata yüksəldib. "VAZ-21074" markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 1400 manat təyin olunsa da, hərrac qalibi bu avtomobil üçün 2 min 700 manat ödəyib.

İnvestor tərəfindən 30 min manat ödənilməklə özəlləşdirilən Tərtər kinoteatrının ümumi faydalı sahəsi 377 kv.m-dir. Bu dövlət əmlakına investisiya qoyaraq fəaliyyətinin bərpası sahibinə yüksək gəlir qazandıracaq. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri də İmişli rayonu, Meliorator qəsəbəsində yerləşən 49 saylı yeməkxanadır. Ümumi faydalı sahəsi 620 kv.m olan bu obyekt üçün vətəndaş 20 min manat ödəyib.


Xəbərə aid fotolar