Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı Azərbaycanda səfərdədir


Digərləri 14 Avq 2018 16:16:00 268 0

Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı Azərbaycanda səfərdədir

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Arif Çetinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə A.Çetin və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

Avqustun 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Arif Çetinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun "Bir millət, iki dövlət" siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini, Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Jandarm Komandanlığının böyük xidməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

Daha sonra qonağa müstəqilliyin ilk illərində respublikamızın qarşılaşdığı problemlər, Ermənistanın silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda kriminogen durum tam nəzarətə götürülüb.

Bildirilib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz ictimai-siyasi sabitlik, əmin-amanlıq yaradılıb.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.


Xəbərə aid fotolar