Direktor: "Yeni balıqyetişdirmə fermaları yaradılmalıdır" - MÜSAHİBƏ


Sosial 14 Avq 2018 15:23:18 250 0

Direktor: "Yeni balıqyetişdirmə fermaları yaradılmalıdır"  - MÜSAHİBƏ

"Dəniz məhsullarının, balıqların süni yetişdirilməsi işi inkişaf etdirilməlidir"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundovun "Report"a müsahibəsi.

- Xəzərin hüquqi statusu haqqında Konvensiya dənizdə nələrin dəyişməsinə səbəb olacaq?

- Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısında imzalanan Konvensiya və 6 hökümətlərarası müqavilələrdə nəinki Xəzərin hüquqi statusu, təhlükəsizlik, iqtisadi, nəqliyat-logistika, həmçinin də Xəzərin bioloji resurslarının mühafizəsi və birgə idarə edilməsi məsələlərini kompleks şəkildə əhatə edir, eyni zamandaaparılan müzakirələr və qarşıya qoyulan vəzifələr yaxın illərdə Xəzərin ekoloji problemlərinin həllinə zəmin yaradır. Xüsusilə də yaxın zamanlarda nərə cinsli balıqların kommersiya ovuna uzunmüddətli moratoriumun tətbiqi ilə bağlı hökumətlərarası sazişin hazırlanması və təqdim edilməsi tapşırılıb.

Hələ 2010-cu ilin noyabr ayında Bakı şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının 3-cü Zirvə görüşündə prezidentlər nərə balığı növlərinin kommersiya ovuna beştərəfli moratoriumun tətbiqi mexanizminin işlənib hazırlanmasını hökumətlərə tapşırmışdılar. 2011-ci ildən başlayaraq Xəzəryanı ölkələr nərə balıqlarının kommersiya ovunu həyata keçirmir. Balıq ovu ancaq balıqartırma zavodlarında süni çoxaltma və elmi tədqiqatlar üçün həyata keçirilir. Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna dövlətlərarası moratorium haqqında ümumiəhatəli beştərəfli sazişin qəbuluna qədər Xəzəryanı ölkələr ayrı-ayrılıqda nərə balıqlarının ovu üzrə texniki moratoriumu saxlayırlar. 2014-cu ilin sentyabr ayında Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının 4-cü Zirvə görüşündə ''Xəzər dənizinin su bioloji reurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında saziş'' imzalanıb. Qəbul olunan protokolda Xəzəryanı ölkələrin hökumətlərinə Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının təsisatlararası statusdan hökumətlərarası statusuna qaldırılması barədə sazişin razılaşdırılması tapşırılmışdı. Azərbaycan bu sazişi ratifikasiya edib (1124-İVQ, 16.12.2014) və 2016-cı ilin ortalarınadək sazişə bütün Xəzəryanı ölkələr qoşulublar. Bununla da 2017-ci ilin noyabrında Bakıda Azərbaycanın ikiillik sədrliyi altında Xəzər dənizinin Su Bioresurslarının Mühafizə Olunması, Səmərəli İstifadəsi və Onların Birgə Ehtiyatlarının İdarə edilməsi üzrə Komissiyanın birinci sessiyası keçirilib. Komissiyanın 2018-ci ilin noyabrında Bakıda keçiriləcək ikinci iclasında nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında saziş hazırlanıb imzalanması üçün Xəzəryanı ölkələrin hökumətlərinə təqdim olunması və Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə ölkələr arasında protokolun imzalanması gözlənilir.

- Xəzər dənizində balıqların azalmasının səbəbi nədir?

- Xəzər dənizində 101 müxtəlif balıq növü yaşayır. Balıqların azalması təkcə brakonyerliklə bağlı deyil, brakonyerlik Xəzərin hər yerində var və ümumi haldır. Xəzərin bioloji ekosisteminin vəziyyəti çox pisdir. Mnemiopsis leidyi daraqlısının mənfi təsiri nəticəsində Xəzər dənizi ekosisteminin stabilliyi pozulub. Həmin daraqlı canlı Volqa-Don kanallar sistemi üzrə Qara dənizdən Xəzər dənizinə keçid edən gəmilərin ballast suları vasitəsilə Xəzər dənizi hövzəsinə daxil olub. Bu gəlmə növ son 10-15 il ərzində dənizin zooplanktonunun bütün biokütləsini, demək olar, məhv edib, bu da vətəgə balıqlarının bütün qida zəncirlərində ehtiyatlarının azalmasında əks olunub. Hazırda Xəzərdə Mnemiopsis inkişaf edərək dənizin bütün akvatoriyalarında geniş yayılıb. Buna görə də balıq ehtiyatlarının azalması yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.

Nəticədə də zooplantonla qidalanan kilkələr öz qida ehtiyatlarını itirib. 1999-2003-cü illə müqayisədə zooplantonun kütləsi 10 dəfə azalıb, eyni qaydada kilkələrin, nərə cinsli balıqların, hətta suitinin də ehtiyatı 10 dəfə azalıb. Son dövrlər müşahidə edirik ki, kilkənin vəziyyəti düzəlir. Bu müsbət haldır, kilkənin vəziyyəti düzəlsə, digər balıqlar da artacaq.

- Balıqların azalmasının qarşısının alınması üçün hansı işlər görülür və görülməsi planlaşdırılır?

- Dəniz məhsullarının, balıqların süni yetişdirilməsi işi inkişaf etdirilməlidir. Yeni balıqyetişdirmə fermaları yaradılmalıdır. Azərbaycanda dövlətin 4 nərə balıqartırma zavodu var. Ölkədə Xəzərin bioresurslarının idarə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti, dəniz bioresurslarının sistemli tədqiqatları isə nazirliyin tabeliyində olan Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən həyata keçirilir.

Hazırda nazirliyin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin nəzdində balıq ehtiyatlarının artırılması ilə 12 balıqartırma müəssisəsi məşğul olur. Bunlardan 4-ü nərə, 3-ü qızılbalıq və farel, 5-i isə çəkikimi balıq körpələrinin artırılması üzrə ixtisaslaşıb. Nərə cinsli balıqların populyasiyasının artması balıqartırma zavodlarının hesabına mümkündür. Ötən əsrin ortalarında Xəzərin əsas çayları (Volqa, Kür) üzərində bəndlərin tikilməsi nəticəsində nərə cinsli balıqların təbii yollaçoxalması və kürü tökməsi mümkün deyil. Buna görə də Xəzəryanı ölkələr hələ ötən əsrin 50-ci illərində nərə cinsli balıqların ehtiyatının azalmasının qarşısının alınması üçün balıqartırma zavodları tikmişdi. Bu gün Xəzər dənizində nərə populyasiyasının mövcudluğunun, demək olar, 99 faizihəmin zavodların fəaliyyəti hesabınadır.

- Brakonyerliyin qarşısını tam almaq mümkündürmü?

- Balıqların süni yetişdirilməsi işinin inkişaf etdirilməsi həm brakonyerliyin qarşısını alacaq, həm də yeni iş yerləri açacaq. Bölgədə təhlükəsizlik mümkün olacaq, ekologiya yaxşılaşacaq, ekosistem bərpa ediləcək.

Xəzər dənizində bioloji resursların müasir gərgin vəziyyətini nəzərə alaraq, kiçikmiqyaslı balıqovlama fəaliyyəti ehtiyatlı yanaşmaya əsasən aparılmalıdır. Xəzəryanı regionda və ölkəmizdə akvakulturanı inkişaf etdirmək və əhalini yeni fəaliyyət növü olan akvakulturaya cəlb etmək lazımdır. Bununlada qanunsuz balıq ovunun azalmasına və Xəzər dənizində su bioresurslarının bərpasına nail olmaq mümkündür.

Xəzəryanı ölkələr və Azərbaycan davamlı inkişafın əsas prioritetlərindən biri - daxili sularda kiçikmiqyaslı akvakultura təsərrüfatlarının inkişafı, Xəzər dənizində nərəkimilərin ovlanmasına mümkün moratoriumun qoyulmasıdır. İqtisadiyyatın qeyri-neft sektoru olan akvakultura sahəsinin davamlı inkişafı kənd ərazilərində iş yerlərinin və alternativ gəlir mənbələrinin yaradılmasına gətirib çıxara bilər və Azərbaycan əhalisinin sağlamlığına müsbət təsir göstərə bilər. Azərbaycanda balıq ovu ilə məşğul olan əhalinin fəaliyyət istiqamətini dəyişdirmək və əmtəə akvakulturasının inkişafı üçün sosial-iqtisadi və hüquqi şəraitin yaradılması həlledici əhəmiyyətə malikdir. Bununla da balıqların (xüsusilə də nərəkimilərin) təbii yolla populyasiyasına antropogen təzyiq azalacaq. Bu da ətraf mühitin mühafizəsinə və bioloji müxtəlifliyin qorunub saxlanılmasına töhfə verəcək.