Ötən ay 653 əcnəbinin Azərbaycana girişinə qadağa qoyulub


Digərləri 14 Avq 2018 14:24:00 251 0

Ötən ay 653 əcnəbinin Azərbaycana girişinə qadağa qoyulub

İyul ayında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) 122 min 485 müraciət qeydə alınıb.

Son.az bildirir ki, DMX-dən Trend-ə verilən məlumata görə, ötən ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması üçün isə 6 min 664 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

DMX iyulda ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar 2128 qərar qəbul edib.

Qərarlardan 1417-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 1218-i ölkəni tərk etmə, 199-u ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.