“Sovetski” sakinlərini aldadan qadınlara qarşı 515 min manatlıq mülki iddia


Digərləri 14 Avq 2018 12:49:00 241 0

“Sovetski” sakinlərini aldadan qadınlara qarşı 515 min manatlıq mülki iddia

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az Report-a istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, Y.Məmmədova həbsdə, İ.Cəfərli isə ev dustaqlığındadır.

Məhkəmədə 6 nəfər zərərçəkmiş İ.Cəfərliyə qarşı mülki iddia qaldırıblar. Həmin şəxslər onlara dəymiş 515 min manat zərərin ödənilməsini istəyiblər.

Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Cəfərli evləri plana düşən "Sovetski" sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.

Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.

Belə ki, İ.Cəfərli şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən valideyinlərə qarşı da dələduzluq edib. Həmçinin o, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyən şəxsləri aldadaraq dələduzluq yolu ilə onların pullarını ələ keçirib.

Belə ki, Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib.