Qaçqınkomda baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarında araşdırma aparılır


Digərləri 13 Avq 2018 19:26:00 205 0

Qaçqınkomda baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarında araşdırma aparılır

Komitə bir nəfər məcburi köçkün vətəndaşın intihara cəhd etməsi barədə məlumata aydınlıq gətirib.

Bakı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mənzil problemi həll edilmədiyinə görə bir nəfər məcburi köçkün vətəndaşın komitənin binasında intihara cəhd etməsi barədə məlumata aydınlıq gətirib. Komitədən Trend-ə verilən məlumata görə, həmin vətəndaş – Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87” ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb: "Yataqxanadakı 112 otaqdan 58-də mülkiyyət hüququ ilə yerli sakinlər, 54-də məcburi köçkünlər yaşayıb. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin buradan köçürülməsi üçün tədbirlər görülüb. Yerli sakinlər və məcburi köçkün ailələrdən 26-sı kompensasiya alaraq bu ilin mart ayının 16-17-də yataqxanadan köçüb. Yataqxanada faktiki yaşamadıqları müvafiq dövlət orqanları tərəfindən təsbit edilmiş 27 məcburi köçkün ailəsinə isə həmin vaxt kompensasiya ödənilməyib. Bu ailələr həmin vaxtdan müxtəlif dövlət və hökumət orqanlarına müraciətlər edirlər. Son vaxtlar onlar bir neçə dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Avqustun 13-də də komitə sədri Rövşən Rzayev bu şəxslərlə görüşüb, müraciətlərini dinləyib. Görüş qurtardıqdan sonra Novruzzadə Natiq Nadir oğlu komitənin binasını tərk etməyərək, üçüncü mərtəbədə hay-küy salıb, nalayiq hərəkətlərə əl atdıqdan sonra dəhlizin pəncərəsini sındıraraq, ətrafdakıların diqqətini cəlb etməklə intihara cəhd təəssüratı yaradıb.