Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatdı


Digərləri 13 Avq 2018 17:58:00 307 0

Narkoloji Mərkəzdə törədilən yanğınla bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatdı

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Report-a istinadən bildirir ki, həmin şəxslərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.