"32 dəfə "Qoca" ilə telefonla danışdım"


Digərləri 13 Avq 2018 13:08:00 254 0

"32 dəfə "Qoca" ilə telefonla danışdım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Report-a istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müğənni Fədayə Laçın ifadə verib.

O, təqsirləndirilən şəxslərdən yalnız Aqil Nəcəfovu tanıdığını bildirib: "Mən daha əvvəl Etibar Məmmədovun qardaşının toyuna dəvət almışdım. Sonra onun ad günündə iştirak etdim. Onunla da orada tanış oldum. Etibar şair idi, mənə yazdığı şerləri, qəzəlləri atırdı. Onunla münasibətimiz belə yarandı. Etibar həbsdə olanda yanına gedib-gəlirdim. Orada şerləri, mahnıları müzakirə edirdik. Axırıncı dəfə Etibarın yanına gedəndə məndən açar istədi. Açarın nəyə lazım olduğunu soruşanda "qiymətli qəfəs var, ora girmək istəyirəm" dedi. Mən daha əvvəllər bacımın Azərbaycan Dəmir Yollarında işlədiyini demişdim. Buna görə də məndən açar istədi. Heç bilməzdim ki, Etibar qatardan qaçar. Əvvəl açara görə bir neçə gün telefonumu söndürdüm. Sonra Aqil açara görə zəng elədi. Mən də bacıma zəng etdim. Açarı başqa adamdan Aqil götürdü. Sonra da məlum hadisə baş verdi. Hadisədən sonra məni prokurorluğa çağırdılar, özüm ora getdim".

F.Laçın söyləyib ki, "Qoca" Lənkrana etap edilən zaman orada onunla görüşüb: "Etibar mənə zəng etmişdi. Mən də həmin gün Lənkəranda toyda idim. Sonra onunla görüşdüm. Sonuncu dəfə Etibarla Bakıda vağzalında görüşdüm. Bizim görüşümüzə orada qaravul rəisi Ceyhun Səmədov icazə verdi. O, çantamı alıb, üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara Etibar qulaq asdı. O, Ceyhundan icazə istəmişdi. Ceyhun da ona icazə verdi. Etibarın qaçmağına inanmırdım. Onun cinayətkar olduğunu tanış olandan sonradan bildim".

Daha sonra vəkillərin suallarını cavablandıran F.Laçın həmin açarı şəxsən görmədyini qeyd edib: "Etibarın qatardan qaçma xəbərlərini saytlardan eşitdim. O, qaçandan sonra mənimlə əlaqə saxlamadı. Mən Etibarla qatarda görüşəndə nə Ceyhun Səmədova, nə də digərlərinə pul verməmişəm. Çünkü mənə hörmət edirdilər. Həttə yol polisləri məni yolda saxlayanda belə, hörmət edib, buraxıblar. Çünkü məni onlar bir müğənni kimi yaxşı tanıyırdılar. Etibarla Bakıda qatarda görüşümüzdə Ceyhun Səmədovdan xəbərsiz gizlindən onunla şəkil çəkdirdim. Hətta orada Əli Ağaminin də Etibarla şəkili çəkdim".

Müğənni Bakı İstintaq Təcridxanasında E.Məmmədovla 3 dəfə görüşdüyünü bildirib: "Lənkəranda isə icazə ilə onunla görüşdüm. Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər. Bir neçə dəqiqlə Etibarla söhbt etmişəm".

Məhkəmədə məlum olub ki, F.Laçın "Qoca" həbsdə olan zaman onunla 32 dəfə telefonla danışıb.

Hakim deyib ki, zənglərin çoxu gecə saatlarında baş verib: "Ən çox danışıq 4 min 30 saniyə olub. Həmin vaxt da Fədayə Laçın Etibara zəng edib".

F.Laçın bunu təsdiqləyib: "Bəli, ona mən də zəng edirdim, özü də zəng edirdi. Çünkü gecələr yata bilmirdim, onunla danışırdım".

Prosesdə təqsirləndirilən Məhəmməd Hacıyev də dindirilib. O, Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyib: "Günay xanım zəng etdi. Bir qədər sonra ora gedəndə Günay Etibarı aparmaq lazım olduğunu bildirdi. Yeni çatmışdım ki, qapı döyüldü, Etibar içəri daxil oldu. Əvvəl qapıda Etibarla söhbət etdik, dedi ki, "artıq, əskik olmasın, hara lazımdır ora da sür". Mən onunla pul söhbəti aparmamışam. Əvvəl Sumqayıtdan Qaradağa apardım. Postda geri qayıtdıq, Günay nömrə aldı. Sonra getdik və Ağstafada həbs edildik".

M.Hacıyev söyləyib ki, "Qoca" onu təhdit edib: "Mən də qorxuduğum üçün onları apardım".

Digər təqsirlndirilən Tərlan Zeynalov ifadəsində deyib ki, "Qoca" qaçandan sonra onunla görüşüb: "Görüşümüz ayaqüstü olub. 2000 manat pul var idi, onu gətirib Etibara verdim. Pul mənim dayımoğlunda idi. Pulu da "Qoca"nın yoldaşı göndərmişdi. Əvvəl maşınla gəlib, məni götürüb Hökməliyə getdik. Maşında bildim ki, Etibar qaçıb. Hökməlidə onun dustaq yoldaşının evinə getdik. Axşam tərəfi pulu gətirib verib, oradan getdim".

Təqsirləndirilən Şahmar Bəyəlizadə ifadə verib. O, dostu İlqar ona zəng edib, qonağı olduğunu bildirdiyini söyləyib: "Mən də evdə tək idim. Bunlar gəldi, mağazaya getdim. Qayıdanda dedilər ki, Fədayə Laçın həbs edilib. Yenidən mağazaya gedib, qayıdanda Etibargil getmişdi. Sonra onlarla birgə gedəndə polis bizi mühasirəyə aldı. Həmin zaman Anar yaralanmışdı. Yolda Etibar baqajdan çıxdı, onda silah var idi. Etibar polisə güllə atdı. Biz Anarla maşının saxlanmasını istədik. Etibar "saxlasan vuracam" dedi. Polis bizi tutanda Etibar yaralı idi. O, bıçağı çıxardıb özünü öldürmək istəyirdi. Lakin sonrası görmədim".

Hakim bildirib ki, Ş.Bəyəlizadənin ifadəsində ziddiyət var. Onun istintaqa verdiyi ifadəsi elan olunub. Bildirib ki, polislə atışmadan sonra "Qoca" bıçaq çıxarıb "ölsəm də sağ ələ keçməyəcəm" deyib qarnına bir neçə bıçaq zərbəsi endirib".