Unibank "Agile" Transformasiya həyata keçirərək İT İnnovasiyalar Mərkəzi yaradır


Digərləri 13 Avq 2018 12:28:00 276 0

Unibank "Agile" Transformasiya həyata keçirərək İT İnnovasiyalar Mərkəzi yaradır

Unibank son zamanlar dünya təcrübəsində ən yeni menecment yanaşmalarından olan və bir çox sahədə effektivliyinə görə köhnə sistemi üstələyən Agile sisteminə keçir və İnnovasiyalar Mərkəzinin yaradılmasına başlayıb. Agile nədir? Hansı üstünlükləri var? Yeni İT İnnovasiyalar Mərkəzində nələr olacaq? Unibankın yeni menecment yanaşması ilə bağlı bu və digər sualları bankın Təşkilati inkişaf və İnsan kapitalı departamentinin direktoru İlkin Quliyev cavablandırıb. 

-  Azərbaycan bazarı üçün çox yeni olan Agile nədir? Unibank olaraq niyə bu sistemə keçməyi qərara aldınız?  

- Agile - dəyişikliklərə tez reaksiya verə bilən mənasındadır və məhsullara, xidmətlərə olan tələblərə, ümumiyyətlə bazarda baş verən bütün dəyişikliklərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Əsas üstünlüyü, əvvəl struktur daxilində çalışan əməkdaşların konkret layihələrdə və konkret məhsullar üzərində birgə çalışmalarıdır. Biz agile transformasiyasına artıq başlamışıq. Digər əməkdaşlarla yanaşı 2 şöbə müdiri, 2 ekspert və bir deptament direktorunun olduğu komandada hamı bərabərdir, yəni, menecer, rəhbər, bos anlayışları yoxdur. Ancaq məhsula tələblərin necə olduğunu deyən Product Owner (Məhsul Sahibi),  komandanı motivasiya edən, işin gedişatını yoxlayan və onlara dəstək olan Scrum Master var, vəssalam. Komanda daxilində nə horizontal, nə də vertikal subordinasiyalar mövcud deyil. Ümumi götürsək, Agile struktur idarəetmənin ləğvi və daha rahat və çevik çalışmaq deməkdir.

-  Agile ideyası haradan gəldi?

- Hər şey mövcud vəziyyətin analizi ilə başladı. Biz bir məsləhətçimizlə bank üçün ən vacib layihələrdən birinin icrası zamanı operativ şəkildə dəyişiklik və inkişaf təşəbbüslərində çıxış edən və buna cavabdehlik daşıyan  bir bölümə ehtiyac olduğunu gördük. Çıxış yollarını müzakirə edərkən, ağlımıza dünyada son zamanlar trend olan agile yanaşma gəldi. Rusiyada agile transformasiyasını uğurla həyata keçirmiş qabaqcıl şirkətlərin təcrübəsini araşdıraraq, bu proseslə həmin şirkətlərin bir neçəsində birbaşa tanış olmaq qərarına gəldik.   Rusiyanın ən böyük bankı və aktivlərinə görə dünyanın böyük banklarından biri hesab edilən Sberbank da artıq bir neçə ildir ki, Agile sistemindən istifadə edir. Tək Sberbank deyil, başqa şirkətlər, o cümlədən Alfa-bank və ən böyük sistem inteqratorlarından biri olan Krok şirkəti agile transformasiyasını uğurla həyata keçirib. Biz də onların təcrübəsini daha yaxından öyrənmək üçün 17-18 nəfərdən ibarət orta və top-menecment komandamızla Moskvaya getdik və qeyd etdiyim şirkətlərdə agile-ın necə tətbiq olunduğunu izlədik, bu mövzuda təlimlər keçdik.