Beşinci Xəzər Sammiti


Digərləri 13 Avq 2018 11:20:00 252 0

Beşinci Xəzər Sammiti

Son.az aznews.az-a istinadən Rufiz Qonaqovun yazısını təqdim edir.

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit nəhayətki baş tutdu. Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu.

Sammitin gündəliyinə üş əsas məsələ daxil edilmişdi: Su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq , regional və qlobal təhlükəsizlik məsələləri Sammitdə müzakirə mövzusu idi.

Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olaraq, müzakirə mövzularından idi.

Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi. Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbətdəki bu , həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var.

Əslində, Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə bu hesab olunur. İllərlə davam edən müzakirələr zamanı ən mübahisəli məqam Xəzərin göl və ya dəniz olması ilə bağlı idi. Çünki bu amil onun statusunun müəyyənləşməsində və bölgüsündə həlledici faktor idi. Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edirdi. Bu gün imzalanan Konvensiyaya görə 5 sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılıq əldə etdilər.

Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi.