Xəzər necə bölündü?


Siyasət 13 Avq 2018 10:47:00 225 0

Xəzər necə bölündü?

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Mərasimdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb.

Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın dövlət başçılarının imzaladıqları sənəd onillərdən bəri həllini gözləyən çox ciddi geosiyasi problemi həll etməklə yanaşı, dəniz hövzəsindən istifadənin yeni qaydalarını müəyyənləşdirib.

Sənədə görə, beş sahilyanı ölkənin hər birinin Xəzərdəki sahil sularının sahəsi 15 dəniz milidir. Həmin ərazinin kənar hüdudları dövlət sərhədi sayılır. Ərazi sularına bitişik olan 10 millik zona balıqçılıq zonası elan olunub. 5 sahilyanı ölkənin hər birinin bu zonada balıq tutmaq hüququ var. Nərə və nərəkimi balıqların ovu istisnadır.

Xəzərin su sahəsinin əsas hissəsi sahilyanı ölkələrin ümumi istifadəsində qalacaq. Məsələn, onlar 500 metrlik təhlükəsizlik zonasına malik süni adalar yarada bilərlər. Sahilyanı ölkələr böyük layihələrin reallaşması zamanı ekoloji amilləri nəzərə almalıdır, çünki Xəzərin ekologiyasiyana ziyan dəydiyi təqdirdə məsuliyyət daşıyacaqlar.

Anlaşmanın əsas müddəalarından biri 5 Xəzəryanı dövlətə öz ərazisində sahilyanı sayılmayan ölkələrin silahlı obyektlərin yerləşdirilməsinin yasaqlanmasıdır.

Xəzərin resursları və dibi sahilyanı ölkələr arasında ikitərəfli anlaşmalar əsasında bölüşdürüləcək. Akvatoriyadan istifadə müətmadi olaraq XİN başçılarının müavinləri səviyyəsində müzakirə olunacaq. Yaxın yarım il ərzində ilk belə görüş keçiriləcək.

Digər əsas məqam Xəzərin nə dəniz, nə də göz sayılmasıdır. Xəzərin əlahiddə, xüsusi hüquqi statusu olacaq.

Xəzərin sahəsi 370 min kvadrat kilometrdir. Ən dərin yeri 1075 metr olan Xəzərdə neft ekvivalenti ilə 15 milyard tondan artıq neft və qaz ehtiyatları var. Həmin ehtiyatların 6,5 milyard tonu kəşf olunub və təsdiqlənib. ABŞ-ın "Energy Information Administration"un (EIA) hesabatına görə, Xəzərdəki neft-qaz ehtiyatlarının ümumi dəyəri 8 trilyon dollardır.

Son 20 il ərzində Xəzərin dəniz prinsipi əsasında sektoral bölgüsünə əsla razı olmayan yeganə bölğə İran idi. Belə bölgü çərçivəsində ona Xəzərin 10 faizi düşürdü.

Xəzərin göl sayılacağı təqdirdə isə İran 20 faizlik pay ala bilərdi.

Sahilyanı 5 ölkənin hər biri indiyədək şelfindəki neft-qaz yataqlarını rahatlıqla istismar edib. Xəzərin istənilən prinsip əsasında bölgüsündə bu yataqların mənsubluğu şübhə doğurmur. Lakin şelfin sərhədyanı sahələrindəki perspektiv neft-qaz blokları ciddi mübahisələrə səbəb olub.

Mübahisə edən tərəflərin arqumenti vardı: "Xəzərin statusu müəyyənləşmədiyindən bütün mübahisəli məsələləri 5 sahilyanı dövlət həll etməlidir".

Bundan sonra belə olmayacaq: qonşular arasındakı mübahisələr ikitərəfli qaydada çözüləcək.

İranın indi "yumşalması"nın səbəbi ABŞ-ın Tehrana qarşı sanksiyalarla embarqoları ağırlaşdırılması, nəticədə də ölkədə ciddi daxili böhranın yaranmasıdır. Eyni zamanda Suriyadakı savaş İranla Rusiyanı yaxınlaşdırıb.

İndi onlar Aktau konvensiyasında "bölgədə üçüncü ölkələrin hərbi qüvvələri yerləşdirilə bilməz" şərtini qanuniləşdirərək "arxa cəbhə"dən rahat olublar.

Xəzərin statusunun indiyədək müəyyənləşməməsi Türkmənistandan Azərbaycana çəkiləcək qaz boru kəmərinin (Transxəzər kəməri) reallaşmasının da qarşısını alırdı. Həmin kəmər Azərbaycanla Türkmənistana hər il Avropa Birliyinə 100 milyard kubmetr təbii qaz nəql etməyə imkan verəcək. Bu isə Avropa Birliyinin təbii qaza olan illik tələbatının təqribən 25 faizidir.

Orxan Hun Son.az