Xərçəng xəstələri artır, yoxsa bizə elə gəlir?


Digərləri 12 Avq 2018 19:04:00 295 0

Xərçəng xəstələri artır, yoxsa bizə elə gəlir?

Baş onkoloq Azad Kərimli narahatlığa əsas olmadığını düşünür 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Əməkdar artist və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov bir neçə gün öncə dünyasını dəyişdi. Səbəb xərçəng. Elə həmin gün əməkdar artist Tünzalə Əliyevanın da xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum oldu. Təkcə, məşhurları sadalasaq, xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı elə də az deyil. Məşhur, ya qeyri-məşhur fərq etmir, hər birimiz ətrafımızda xərçəng xəstəliyinə tutulanların get-gedə artdığını görürük. Statistika da elə bu mənzərəni canlandırır. Statistika Komitəsinin saytında yerləşdirilən ümumi məlumatlar 2016-cı ilə qədərki mənzərəni əks etdirir. Əhalinin cins və yaş qrupları üzrə bədxassəli şişlə xəstələnməsi ilə bağlı bölmədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 2007-ci ildə 7000 olubsa, 2016-cı ildə bu, 11 minə yaxınlaşıb.

2015-ci ildə Azərbaycanda 40 653, 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub. 2017-ci ilin statistikasına əsasən isə, ölkədə 45 756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Bəs bu artımın səbəbi nədir? Düzdür, bu xəstəliklə bağlı səbəblər konkret olaraq məlum deyil, amma ümumi yanlışlıqlar var.

Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyir ki, ümumi yanaşanda, bütün xəstəliklərdə artım var: "Bu, təbiətin xəstəliyidir. Buna təbiətdə mövcud olan bütün canlı orqanizmlər arasında təsadüf etmək mümkündür. Qazıntılar zamanı hətta milyard illər bundan əvvəl yaşamış dinozavrların sümüklərində şiş xəstəliyi aşkar olunub. Bitkilər, heyvanat aləmi və insanlar arasında bu xəstəlik mövcuddur. Canlı aləm yarandığı gündən bu xəstəlik olub və davam edir. İnsanlar arasında ona görə çox təsadüf olunur ki, insanda təkamül prosesi gedib, yəni şüur var.

Onkoloji xəstəlikdən qorxmaq lazım deyil, bu da digər xəstəliklər kimidir. Heç kəs bu xəstəlikdən sığortalanmayıb. Düzdür, dünyasını dəyişənlər var, daha çox bunlar qabardılır, amma 25-30 il bu xəstəliklə yaşayanlar da var. Onları niyə qeyd etmirlər?

Deyirlər ki, bizdə onkoloji xəstəliklər çoxalıb, bununla razılaşmıram. Əgər tibbi nöqteyi-nəzərdən baxsaq, bütün xəstəliklərdə artım var. 70-ci illərdə avtoqəzaların sayı indiki qədər idi? Yox, çünki maşınların sayı az idi. Burda da birinci demoqrafik göstəricilərə fikir vermək lazımdır. Əgər bir neçə il bundan əvvəl əhalinin sayı 6-7 milyon idisə, indi 10 milyona çatır. İnsan sayı çoxaldıqca burda da artım olur. Artım yox, buna xəstəliyin vaxtında aşkarlanmasının yüksəlməsi də deyərdim. Xərçəng bir və ikinci mərhələdə aşkarlandığı zaman yerləşdiyi lokalizasiyadan asılı olaraq, ondan yüz faiz sağalma mümkündür". 

A.Kərimlinin sözlərinə görə, bu gün Azərbaycanda qeydiyyatda olan 45 767 onkoloji onkoloji xəstə var: "Onun 17 500-ünü 5 və daha çox il yaşayanlar təşkil edir. Bu xəstəliklə 30, 25, 22 il yaşayanlar var. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda onkoloji xəstələr azdır. Bir-iki il əvvəl Krımda oldum, orda 2 milyon əhaliyə görə qeydiyyatda 50 min onkoloji xəstə var idi. Bizdə 10 milyona 45 767 nəfərdir. Çeçenistanda 1 miylon əhali var, 17 min xəstə. Müqayisə edin. Harada çoxdur? Jurnalistləri qınamıram. Gəlib baxır görürlər ki, onkoloji klinika insanlarla doludur. Amma bizdə bir xəstənin yanına gəlməyəndə 3-4 nəfər gəlir. Xəstəxana daxilində xəstəni hansısa müayinə aparatına göndərəndə o 3-4 nəfər də yanında gedir. Ona görə çox görünür".